"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsinin 3-cü rüb üzrə failiyyətləri yekunlaşıb. SİA-nın verdiyi xəbərə görə, fəaliyyətlər ölkəmizin rayonlarında seminarların təşkili, lisenziyaların verilməsi, marketinq strategiyasının hazırlanması, turizm fondunun yaradılması və statistika kimi əhəmiyyətli məsələləri ehtiva edib.
Sentyabr ayında "Regional və yerli turizmin planlaşdırılması və idarə olunması" adlı seminarlar İsmayıllıda və Lənkəranda həyata keçirilib. Layihənin məqsədi tərəfdaşları Turizm Məkanının İdarə olunmasının əsasları ilə tanış etmək, onlarla Avstriyanın misalında bu sahədə həyata keçirilmiş işləri və uğura aparan şərtləri bölüşmək və iştirakçıların öz turizm məkanlarının inkişafına dair fikirlərini ifadə etmələri üçün dialoq yaratmaq olub. Seminarlarda müvafiq rayonların Mədəniyyət və Turizm şöbələri, yerli icra hakimiyyətləri və bələdiyyələr, turizm informasiya mərkəzləri, muzeylər və milli qoruqlar, otellər və KİV-nin nümayəndələri iştirak ediblər.
Eyni zamanda, İngiltərənin Turizm Nazirliyinin keçmiş Baş icraçısı Tim Bartlett qısa müddətli mütəxəssis qismində oktyabrda Azərbaycana gələrək Turizm şöbəsi ilə 4 həftə ərzində əməkdaşlıq edərək, üç illik (2014-2016) Turizm Marketinq Strategiyasını hazırlayıb.
Avstriya Turizm Bankının nümayəndəsi Gerfrid Brunner Turizmə Dəstək Fondunun yaradılmasında Turizm şöbəsini dəstəkləmək və bu sahədə təcrübə bölüşmək məqsədilə Azərbaycana gəlib. Məqsədlərdən biri Avropa İttifaqının ən yaxşı təcrübə nümunəsi sayılan, 40 işçidən ibarət və ildə 1500-2000 orta və kiçik müəssisələr layihələri dəstəkləyə bilən Avstriya Turizm Bankının fəaliyyətini nümunə kimi təqdim etməkdir. Azərbaycanda turizm fondunun yaradılması üçün təklif olunan məqsəd Ümumi turizm strategiyası və Dövlət prioritetləri ilə sıx əlaqədə olan portfolio strategiyasını müəyyən etməkdən ibarətdir. Bundan əlavə, fond əmanətçiləri subsidiya proqramının təlimatlarının hazırlanması və turizm sahəsində çalışanlar üçün treninqlərdə iştirak və yeni biliklərin əldə olunması kimi imkanlarla təmin eləməlidir. Əsas məqsəd sahibkarlar və əmanətçilər üçün maliyyə məsləhətləşmələri vasitəsi ilə layihənin prioritet və ümumi iqtisadi səmərəliyi baxımından müəyyən olunması və qiymətləndirilməsidir. Maliyyə üstünlüklərdən əlavə fond turizm sahəsində "know-how"nun tətbiqində də köməklik göstərəcək.
3-cü rüb Avstriya Statistika Komitəsinin keçmir baş direktoru Peter Haklın ölkəmizə mütəxəssis qismində təkrar gəlişi ilə yekunlaşıb. Mütəxəssisin təşəbbüsü ilə Dövlət Statistika Komitəsində "Turizm Statistikası" adlı seminar keçirilib. P.Hakl hazırladığı təqdimatı DSK-nin nümayədələrinin nəzərinə çatdırıb. Təqdimatda Statistika Komitəsinin rəsmi nəşrlərinə əsasən turizm statistikanın hazırki vəziyyəti və statistikanın yaradılma prosesində müşahidə edilən müsbət və mənfi aspektlər qeyd olunub. Bundan əlavə, turizm axınının statistikası, yaşayış və turizm müəssisələri, turizm xərcləri, DSK tərəfindən statistika məlumatlarının təhlili və yaradılması üçün istifadə olunan məlumat mənbələri, sərhəd sorğuların təkrarlanma müddəti və vaxt intervalı, turizm statistikasında "satellite account" və DSK tərəfindən statistik məlumatların ictimaiyyətə çatdırılması formatı kimi məsələlər də müzakirə olunub.
Nəzərinizə çatdıraq ki, fəaliyyətlərin nəticələri cari ilin 3 dekabr tarixində keçiriləcək Aİ Tvinninq layihəsinin Rəhbər Komitəsinin 3-cü iclasında təsdiq olunacaq. Tvinninq heyəti tərəfindən iştirakçılara müvafiq təqdimat şəkilində məlumatlar veriləcək. Xüsusi diqqət "Turizm və İstirahət Zonaları" adlı modelin yaradılması və idarə olunması üçün Turizm şöbəsinə dəstəyi ehtiva edəcək layihənin 4-cü komponentinin məqsədlərinə yönələcək. Həmin modelin pilot layihəsi qismində ən münasib turizm zonası kimi Naftalan şəhəri seçilib.
Qeyd edək ki, görüş zamanı layihə mütəxəssisləri turizm şöbəsinin əməkdaşları ilə birgə qeyd olunan məsələlər və nailiyyətlərlə bağlı aparılan müzakirələr nəticəsində, əldə olunan nəzəri biliyinin və təcrübənin turizm sahəsində effektiv şəkildə istifadə olunmasında imkan yaradacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB