Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimatı olacaq. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işlənib hazırlanıb. Hazırda Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında inteqrasiya və onlara müasir standartlara cavab verən yanaşma mövcud deyildir. Kitabxana proseslərini və oxucularla münasibətləri avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulub.
Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən ibarətdir: İctimaiyyətə açıq olan hissə - Vahid Mərkəzləşdirilmiş Kitabxana portalı və inzibati, daxili istifadə üçün nəzərdə tutulan proqram təminatı hissəsi. Sistemin bütün elementləri müasir Oracle platforması üzərində Ultra şirkəti tərəfindən hazırlanıb.
Sözügedən sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai MKS, Nərimanov MKS və Səbayel MKS-də tətbiq olunmağa başlayıb. İstifadəçi üçün asan interfeysə malik ALISA sisteminin tətbiqi zamanı ULTRA şirkətinin əməkdaşları kitabxanalar ilə sıx əməkdaşlıq edir, kitabxana əməkdaşlarına təlimlər keçirilir və tətbiq zamanı tam dəstək göstərilir.
Sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanmış, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işlənib. Hazırlanan ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC21, ISO2709, UNICODE, Z 3950 və digər standartlar və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana sisteminin modullarına qısa nəzər salsaq, sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat, statistika və digər modullardan ibarətdir.
ALISA sistemi kompleks layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün nəzarət sistemini, kitabxana daxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçir, aldığı oxucu bileti - plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana bilir, onlayn sifariş verib istədiyi nəşri rezerv edir, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edir, sifariş statusunu elektron növbə monitorunda izləyir, sifarişini götürür, sifarişi geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytarır. Kitabxana rəhbərliyi kitabxana daxili proseslərə dair istənilən hesabatı görə bilir, Mədəniyyət və Turizm Nazirliyi isə bütün kitabxanalara nəzarət edir, istənilən hesabatı əldə edə bilir.
Nəzərinizə çatdıraq ki, Azərbaycanın kitabxana sisteminin inkişafı naminə atılan bu addım milli kitabxana sistemimizin dünyanın ən qabaqcıl kitabxana sisteminə çevrilməsinə və dünya kitabxana sistemləri ilə inteqrasiyasına imkan yaradacaq.
Qeyd edək ki, Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimatı noyabrın 28-i saat 11:00-da Muzey Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB