“Azərbaycan teatrı-140” mövzusunda konfrans keçirilib

“Azərbaycan teatrı-140” mövzusunda konfrans keçirilib

Bu gün Muzey Mərkəzində "Azərbaycan teatrının 140" illiyi mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, medeniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son dövrlərdə teatrların sürətlə inkişaf etdiyini bildirib: "Azərbaycan teatrı qədim tarixə malikdir. 1920-1991-ci illərə qədər Sovet dövründə Azərbaycanın keçdiyi inkişaf yolu təqdirə layiqdir. Avropada yerləşən dövlətlərin 300-400 ilə keçdiyi yolu Azərbaycan teatrı 70 ilə keçib. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi elə ilk illərdən ölkəmiz bu sahədə daha sürətlə inkişaf etməyə başlayıb. 2006-cı ildə ilk dəfə olaraq Teatr Sənəti haqqında qanun qəbul edilib. Bu qanun isə 2007-ci ildə icra edilməyə başlayıb. Onu da deyim ki, Bakıdakı teatrların əksəriyyəti təmirdən sonra tamaşaçıların ixtiyarına verilib. Bununla yanaşı Ağdam, Füzuli, Mingəçevir və başqa şəhərlərimizdəki teatrlar təmir edilib. 13 teatrın nəzdində teatr studiyaları yaradılıb. 50-dən çox xarici yaradıcı şəxslər Azərbaycan teatr tamaşalarına uğurlu quruluş verib".

Nəzərinizə çatdıraq ki, konfrans Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən təşkil olunub.

Qeyd edək ki, sonda Azərbaycan Dövlət Teatr Muzeyinin təqdimatında milli teatr tarixinə həsr olunmuş video çarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə