Cavad Mircavadovun əsəri məşhur “Sotbis” hərracında FOTOLAR

Məşhur "Sotbis" Hərracının rəsmi internet səhifəsində Skandinaviya kolleksiyaçısının şəxsi kolleksiyasından seçilmiş, görkəmli Azərbaycan rəssamı, Əməkdar İncəsənət Xadimi Cavad Mircavadovun "Şərq miniatürləri improvizasiyası" silsiləsindən 1985-86-cı illərə aid "Məkkəyə səyahət" (205x150 sm, kətan, yağlı boya) adlı əsərinin hərraca çıxarılacağına dair məlumat verilib. Hərrac 2013-cü il noyabr ayının 25-də keçiriləcək. Verilən məlumata görə əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilib.

Nəzərinzə çatdıraq ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan, Cavad Mircavadov 19 yanvar 1923-cü ildə Bakıda anadan olubr. 1949-54-cü illərdə Leninqradda (indiki Sankt-Petrburqda) yaşamış, Dövlət Ermitajında adi fəhlə kimi çalışıb. 1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq 10 il ərzində öz təcrübələrində təsviri sənət üçün ənənəvi olmayan materiallardan - metal, daş, qum, bitum, qatran və sementdən istifadə etməyə başlayıb. Cavadın ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Onun sənəti, obraz və süjetlər aləmi həyat, ölüm, xeyir və şər, bəzən yüksək emosianallıq, qadın və kişi başlanğıcının vəhdəti və əksliyi kimi bir neçə bəşəri dəyərlər ətrafında cərəyan edir. 24 iyun 1992-ci ildə görkəmli rəssam Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 90 illik yubiley sərgisi 2012-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunub.

Qeyd edək ki, 2013-cü ilin mart ayında "Sotbis" Hərrac Evi tərəfindən Londonda təşkil olunmuş "Yolayrıcında" ("At the Crossroads") adlı sərgidə Azərbaycan rəssamlarının əsərlərinin nümayişi və satışının həyata keçirilməsi və Cavad Mircavadovun əsərinin yenidən hərraca çıxarılması və yüksək qiymət təyin edilməsi dünyanın nüfuzlu kolleksiyaçılarının, incəsənət ictimaiyyətinin Azərbaycan təsviri sənətinə artmaqda olan marağının göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə