“Kukla” art qalereyasının saytının təqdimatı olacaq

“Kukla” art qalereyasının saytının təqdimatı olacaq

"Kukla" art qalereyasının saytının təqdimatı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" incəsənət qalereyası 2013-cü il aprelin 23-də açılıb. "Kukla" art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın ən yaxşı sərgi meydançalarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan "Kukla" art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevrilməkdədir. "Kukla" incəsənət qalereyası Bakı şəhəri, Yusuf Məmmədəliyev küçəsi 14 ünvanında yerləşir.

Qeyd edək ki, "Kukla" art qalereyasının saytının təqdimat mərasimi noyabrın 8-i saat 15:00-da Muzey Mərkəzinin akt zalında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə