I Fəxri Xiyabanda görkəmli opera və estrada müğənnisi, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb. SİA-nın verdiyi xəbərə görə, tanınmış müğənninin ölümünün 5-ci ildönümü münasibətilə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, "Debüt" studiyasının bədii rəhbəri, xalq artisti Eldar Quliyev, professor Ramiz Quliyev, media nümayəndələri və başqaları iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Müslüm Maqomayevin xatirəsinin hər zaman anılacağını dilə gətirib: "Vaxt keçdikcə sözsüz ki, insanlar öz sənətkarlarını daha dərindən dərk edirlər. Biz 5 ildir ki, musiqiçi, Azərbaycan mədəniyyətinin incisi, görkəmli sənətkar, böyük şəxsiyyət Müslüm Maqomayevi itirmişik. Bütün musiqi ictimaiyyətinin nümayəndələri onun xatirəsini yad etmək üçün buraya təşrif buyurublar. Müslüm Maqomayevin mahnıları, səsi hər zaman xalqın arasında yaşayacaq. Onun musiqiləri bütün televiziya, radio məkanlarında səslənir. O, daima axtarışda olan sənətkar, Azərbaycan mədəniyyətinə öz kökü ilə bağlı şəxsiyyət olub. Bu insan müasirliyi, Azərbaycan musiqisinin inkişafına xidməti üçün müxtəlif janrlardan çox səmərəli istifadə edib. Estrada sahəsinə 20-ci əsrdə verdiyi xidmət bəlkə də heç kimlə müqayisə oluna bilməz. O, SSRİ kimi böyük bir dövlətdə öz adını tanıtmağı bacardı. O zaman Azərbaycan müstəqil olsaydı, bəlkə də Müslüm Maqomayev dünyada müasir musiqinin nümayəndələri sırasında dura bilərdi. Lakin o dövrdəki məhdudiyyətlər buna imkan vermədi. Ancaq yenə də Müslüm Maqomayev insanlar tərəfindən sevilib. Bu yaddaş daim yaşamaqdadır. Müslüm Maqomayev sənəti, yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir".
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da Müslüm Maqomayev ilə bağlı xatirələrini bölüşüb: "Müslüm Maqomayevlə daim ünsiyyət qururdum. Müslüm Maqomayevin bütün möhtəşəm konsert zallarında çıxışı olub. O, vətənini doğurdan da çox sevirdi. Müslüm Maqomayev çox yüksək mənəviyyata malik insandır və səhnədən də bir kral kimi getdi. Allah Müslüm Maqomayevə rəhmət, bizlərə səbr versin".
Professor Ramiz Quliyev də Müslüm Maqomayevin bəşər mədəniyyətinin siması olduğunu söyləyib: "Müslüm Maqomayev bəşər mədəniyyətinin böyük simalarından biridir. Azərbaycanlı olmağı ilə fəxr etdiyi kimi, Bakıda özünü hər zaman xoşbəxt hiss etdiyini də dilə gətirirdi. Daima dünyada onu sevən insanlar çox olub. Bir zamanlar onunla tələbə yoldaşı olduğum tarixi xatırlayıram. Müslüm Maqomayevlə qastrol səfərlərində olmuşam. Bu gün dahi müğənninin vəfatından 5 il ötür. Bu müddətdə biz onu fiziki olaraq itirmişik. Ancaq hər anımız onun gözəl musiqilərini dinləməklə keçir. İnanıram ki, Azərbaycan musiqisi yaşadıqca Müslüm Maqomayev mahnıları, səsi, sənəti daima yaşayacaq. Allah rəhmət eləsin".
Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir. 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını alıb. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub. Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB