“Kukla” Art Qalereyasında yeni sərgi olacaq

“Kukla” Art Qalereyasında yeni sərgi olacaq

Bu gün saat 17:30-da "Kukla" Art Qalereyasında tanınmış kukla ustaları Pərviz Hüseynov və İrina Qundorinanın yeni əsərlərinin təqdimatı olacaq. SİA-nın verdiyi xəbərə görə, qalereyada müəlliflərin "Marsiyansayağı espresso" adı altında "Səyahətlər" və "Okeanın inspektoru" seriyasından olan "Karamel Lattesi", "Sena boyu səyahət" kimi əsərləri nümayiş olunacaq. Ekspozisiyada həm də eyni mövzu ətrafında işlənmiş altı irihəcmli panno tamaşaçıların mühakiməsinə veriləcək.

"Marsiyansayağı espresso" sərgisinin mövzusu marsdakı həyat haqqında kukla fantaziyasıdır. Tamaşaçıya burada nümayiş olunacaq bütün əsərlərə fərdi yanaşma tərzi ilə baxmaq, onlarda açıq-aydın, üzdə olan məna və mahiyyət axtarmamaq və müstəqil təfəkkür gücünü işə salmaq təklif olunur.

Nəzərinizə çatdıraq ki, Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridirlər. Dəfələrlə bir çox beynəlxalq sərgilərin nominantları və laureatları olublar. Onlar Sankt-Peterburqda "Səyahət -2" "Bədii kukla sənəti üzrə Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin möhkəmlənməsinə görə" mükafatına və Moskvada məşhur "Vaxtanov" Kukla Qalereyasında "Kukla sənətinin peşəkar və yaradıcı inkişafı və təbliğinə görə" mükafatlara layiq görülüb. Moskvanın müstəqil "Dollplanet" portalının "Fantasmaqoriya" nominasiyasında birinci mükafatini alıblar. Pərviz Hüseynov və İrina Qundorina beynəlxalq "Bakı küləyi" və "Fusion Doll" kukla biennalesinin, kukla mövzusuna həsr olunan bir çox məqalələrin müəllifləri, Liana Vəzirovanın Muzey Mərkəzində keçirdiyi, ilk dəfə Azərbaycanda kukla sənətinin ART, Konsepsiya və Biopank kimi yeni istiqamətləri nümayiş olunan "Caz üslubunda kuklalar" müəllif layiəsinın iştirakçısıdırlar.

Qeyd edək ki, Pərviz Hüseynov əvvəlcə 84 saylı Peşə Məktəbində tərtibatçı rəssam ixtisası üzrə təhsil almış, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) memarlıq və şəhərsalma fakültəsini bitirib. İrina Qundorina isə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (indiki İncəsənət Kollecində) oxumuş, daha sonra təhsilini Ştiqlits adına Sankt Peterburq Dövlət Rəssamlıq-sənaye Akademiyasında davam etdirmişdir. Bu iki sənətkar hazırda həm həyatda, həm də yaradıcılıqda bərabərdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə