Daşkənddə “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində nəşr edilib
Daşkəndin "Turon-İqbol" nəşriyyatında "XX əsr Azərbaycan poeziyası antologiyası" kitabı özbək dilində çap edilib. SİA-nın verdiyi xəbərə görə, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunub.
Kitabın tərtibçısı şair və tərcüməçi Babaxan Məhəmməd Şərif, məsul redaktor Əziz Səidovdur. Kitabın məsləhətçiləri isə Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.
Antologiyanın tərtibçisi Babaxan Məhəmməd Şərif kitaba yazdığı "Ön söz"də bildirib ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər bu kimi dahi Azərbaycan şairlərinin əsərləri dünya ədəbiyyatının inciləri sırasına daxil olunub. Sonra şair və yazıçılarımızın ədəbi əlaqələri və dostluğundan söhbət açılıb, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Nəbi Xəzri, Xəlil Rza Ulutürk və digər görkəmli poeziya ustalarımızın əsərlərindən bəzi nümunələr təhlil edilib.
Nəzərinizə çatdıraq ki, repressiya qurbanı olan Azərbaycan və özbək şairləri, o cümlədən Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi, həmçinin Çulpan, Fitrət, Behbudi və digərləri yada salınmış, onların əsərləri haqqında oxuculara məlumat verilib.
Kitab böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin əsərləri ilə başlanır, gənc qələm sahiblərimizin şeirləri ilə başa çatır. Antologiyada 60 şairimiz haqqında qısa məlumat və şeirlərindən nümunələr verilib.
Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə, cari il noyabr ayında kitabın Azərbaycan Mədəniyyət Mərkəzində geniş təqdimat mərasimi keçiriləcək. S.Abbasov bildirmişdir ki, kitab Özbəkistanın elm, təhsil və tədqiqat mərkəzlərinə, aparıcı kitabxanalarına, ali məktəblərə və başqalarında hədiyyə olaraq paylanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə