Astarada Uşaq Kitab Bilik Bayramı keçirilib

Astarada Uşaq Kitab Bilik Bayramı keçirilib

Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili "nə həsr olunmuş "Bəşəriyyətin ən böyük kəşfi kitabdır" mövzusunda VI Ümumrayon Uşaq Kitab Bilik Bayramı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Astara rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları, məktəblilər iştirak ediblər. Bayram iştirakçıları əvvəlcə kitabxananın foyesində nümayiş etdirilən "Odlar yurdu Azərbaycan", "Kitab mənəvi sərvətimizdir", "Bəşəriyyətin ən böyük kəşfi kitabdır", "Uşaqların nağıl dünyası", "Nağıllar aləminə səyahət" və s. mövzularda kitab sərgiləri ilə tanış olublar. Sonra kitabxananın oxu zalında bayram tədbirinin rəsmi hissəsi keçirilib.

Tədbiri giriş sözü ilə Astara rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov açaraq, Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə əlaqədar rayon mədəniyyət müəssisələrində təşkil olunan konfrans, sərgi və digər bayram tədbirlərindən söz açıb. VI Uşaq Kitab Bilik bayramının da həmin tədbirlərin davamı olduğunu bildirib.

Nəzərinizə çatdıraq ki, rayon MKS-nin direktoru Nazim Fərəməzov, rayon Təhsil Şöbəsinin müdir müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Faiq Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Hacıbala Ramazanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair Aqil Ərəbov, şairə Dilarə Azəri, şair İlham İlhami çıxış edərək tədbir iştirakçılarını İnformasiya ili və Uşaq Kitab bilik bayramı münasibəti ilə təbrik edib, kitab bayramının əhəmiyyətini vurğulayıblar. Məktəblilər Ulu Öndər Heydər Əliyevə, kitaba həsr olunmuş şeirlər söyləyiblər. Rayonun Kijəbə qəsəbə Mədəniyyət Evinin kollektivinin xalq çalğı alətləri ansamblının hazırladığı rəngarəng konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, sonda kitabxananın fəal oxucularından olan məktəblilərə rayon MKS-nin fəxri fərmanları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə