Azərbaycan Mədəniyyət Mərkəzinin Veb-saytı yaradıldı

Azərbaycan Mədəniyyət Mərkəzinin Veb-saytı yaradıldı

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Veb-saytı yaradılıb və İnternet məkanında yerləşdirilib (azculture.uz). Azərbaycan, onun zəngin mədəniyyəti, turizmi haqqında ətraflı məlumatlar, habelə şəkillər, videoçarxlara Veb-saytda geniş yer verilib. SİA-nın verdiyi xəbərə görə, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin saytında Ulu Öndərin həyat və fəaliyyəti geniş əks olunub və bu barədə xüsusi link verilib. Mərkəz haqqında məlumatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı və Mərkəzin strukturu 1-ci bölmədə öz əksini tapıb. Mədəniyyət Mərkəzi tərəfindən keçirilən və keçirilməsi planlaşdırılan tədbirlər, müsabiqələr və layihələr saytda ayrı-ayrı linklərdə verilib. Mərkəzin kitabxanası və muzeyləri bölməsində burada saxlanılan kitablar, maraqlı eksponatlara dair şəkil və məlumatlar öz əksini tapıb.

Nəzərinizə çatdıraq ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların hər biri haqqında saytda xüsusi linklər var və mərkəzdəki bu kurslara müraciət etmək istəyən hər bir şəxs öncədən bu barədə məlumat əldə edə bilər.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas məqsədi iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı, Azərbaycan və Özbək xalqlarının dostluğu və müştərək mədəniyyətimizin təbliği olduğunu nəzərə alaraq, saytda Azərbaycan-Özbəkistan arasında əməkdaşlıq əlaqələri, habelə ədəbi-mədəni əlaqələr geniş işıqlandırılıb.
Azərbaycanın turizm resurslarını, maraqlı məkanları təbliğ etmək üçün saytda xüsusi "Azərbaycanda turizm" bölməsi yaradılıb.
Təşkil olunmuş "Əlaqə" bölməsi vasitəsi ilə istənilən şəxs elektron məktubla Mədəniyyət Mərkəzinə müraciət edə bilər.

Qeyd edək ki, 14 oktyabr tarixində Mərkəzin "azculture.uz" saytının təqdimat mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə