Əməkdar artist: “Zamanla onlar da mükəmməl sənət nümayiş etməyi öyrənəcəklər” MÜSAHİBƏ
Azərbaycanın əməkdar artisti Nicat Kazımovun SİA-ya müsahibəsi:
- Siz həm aktyor, həm rejissor, həm də aparıcısınız. Bu üç sənəti bir yerdə idarə etmək çətin deyilmi?
- Xeyr, çətin deyil. Həm aktyorluq, həm rejissorluq, həm də aparıcılıqda rol oynamaq, obraza girmək lazımdır. Çünki bunların üçü də bir-biri ilə sıx bağlıdır. Onu da deyim ki, bütün dahi rejissorların əksəriyyəti aktyorluqdan başlayıb.
- Hərdən düşünürsünüzmü ki, bu 3 sənətdən yalnız birini daha yaxşı bacarırsınız?
- Bizim sənətimiz elədir ki, bunu gərək ömrümüzün sonuna qədər öyrənək. Mən deyə bilmərəm ki, artıq aktyorluğu öyrənib bitirmişəm. Artıq hər şeyi mükəmməl bildiyimi hiss edəndə, ərizəmi yazıb işdən çıxacam (gülür).
- Hansı tamaşaları təqdim etməyə hazırlaşırsınız?
- Gənc Tamaşaçılar Teatrının repertuarında olan tamaşaların yarısından çoxunu mən oynayıram. Həmçinin Akademik Milli Dram Teatrındakı tamaşalarda da yer almışam. Hazırda Abdulla Şaiqin "Danışan gəlincik" əsəri əsasında tamaşa hazırlayıram. İnşallah noyabrda sözügedən tamaşa Gənc Tamaşaçılar Teatrında izləyicilərin ixtiyarına veriləcək.
- Aktyor kimi hansı rollarda oynamaq istəyərdiniz?
- Bəli, oynamaq istədiyim obrazlar var. Amma o rolları gərək, başqa bir rejissor mənə təklif etsin. "Neron" əsərində rol almaq istəyərdim. -Rejissorlardan kimsə sözügedən əsərə dəvət etsə, böyük məmnuniyyətlə qəbul edərdim. Bir sözlə, arzusunda olduğum obrazlar var.
- Sizcə insanların teatra marağı var?
- Tamaşaçı hər zaman haqlıdır. Məni qane edir. Sonuncu dəfə Akademik Milli Dram Teatrında iyun-iyul aylarında əsərdə rol almışam. Bildiyiniz kimi, yay mövsümündə tamaşalar az olur. Ancaq buna baxmayaraq, tamaşalarımız yaxşı keçib. Aktyor üçün bundan böyük xoşbəxtlik yoxdur. Heç bir zaman izləyici azlığından şikayətim olmayıb.
- Hazırda bir çox telekanallarda seriallar çəkilir. Sizcə bu seriallar insanları ekran önünə yığmağı bacarırmı?
- Mən telekanallarımızda yayımlanan serialları izləmirəm. Buna heç vaxtım da yoxdur. Daha çox mütailə və teatrla məşğulam. Təbiətlə bağlı verilişlərə üstünlük verirəm. Çünki bu tip layihələr məni rahatlaşdırır. Yeganə izlədiyim Türkiyənin məhşur "Muhteşem yüzyıl" serialıdır. Mən ümid edirəm ki, nə vaxtsa bizim seriallarımız da yaxşı olacaq. Bəlkə də bu mövsümdən maraqlı seriallarımız oldu. Seriallar praktika tələb edir. Zamanla onlar da mükəmməl sənət nümayiş etdirməyi öyrənəcəklər. Buna zaman lazımdır ki, tamaşaçılara fərqli filmlər, seriallar təqdim edilsin.
- Dövlətimiz seriallar üçün 6 milyon manat pul ayırır. Nə üçün bu cür yüksək səviyyəli seriallar çəkilmir?
- Bu cür maddi dəstək davam etsə əminəm ki, 3-5 ildən sonra bizdə də bu cür mükəmməl tarixi seriallar çəkiləcək.
- Sizin sözünüzdən belə nəticəyə gəlmək olur ki, Azərbaycanda peşəkar rejissor və aktyor yoxdur?
- Peşəkarlar var. Sadecə serial çəkmək üçün profissional rejissorlar yoxdur. Çünki serial tamam fərqi anlayışdır.
- Hazırda hansı rejissorların işini bəyənirsiniz?
- Rövşən İsaqın işini çox bəyənirəm. Rövşən növbəti serialını da çəkir. Əminəm ki, ikinci işi birincisindən də yaxşı olacaq. Çünki onun buna potensialı çatır.
- Nə üçün siz serial çəkmirsiniz?
- Çünki serial çəkmək üçün həyatımın 1-2 ilini ona qurban verməliyəm. Təbii ki, bu rejissorlara aiddir. Əgər rejissor mükəmməl iş görmək istəyirsə, tamamilə bu işin içində olmalıdır. Mən teatrdan 1-2 il uzaq düşə bilmərəm. Bir sözlə, serial çəkmək fikrim yoxdur.
- Serial çəkən rejissorlarımza nə məsləhət görərdiniz?
- Serial çəkmək istəyənlərə məsləhət verərdim ki, yeni fikirlərin ardınca qaçmasınlar. Bizdə çox maraqlı romanlar, bədii ədəbiyyatlar var. Onlardan istifadə edib, gözəl seriallar ərsəyə gətirə bilərlər.
- Əgər serial çəksəydiniz hansı əsərə müraciət edərdiniz?
- Tahir Kazımovun "Qisas" romanı əsasında serial çəkərdim.
- Bəs, film çəkmək niyyətiniz varmı?
- Əlbəttə, film çəkmək istəyirəm. İnşallah, nə vaxtsa çəkdiyim fimlə tamaşaçıların qarşısına gələcəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB