Əbülfəs Qarayev fəxri adlara layiq görülən sənətçilərlə görüşdü

Əbülfəs Qarayev fəxri adlara layiq görülən sənətçilərlə görüşdü

Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Respublikasının Prezidenti tərəfindən fəxri adlara, orden və medallara layiq görülmüş sənətçilərə vəsiqələrin təqdim olunması mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin müavini Ədalət Vəliyev, Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Şəfiqə Məmmədova, xalq artistləri Afaq Bəşirqızı, İlhamə Quliyeva, Amaliya Pənahova, İlham Namiq Kamal, Məleykə Əsədova, Nəzakət Teymurova, Mənsum İbrahimov, əməkdar artistlər Novruz Qartal, Ramiz Məmmədov, Nahidə Orucova, aktyorlar Nicat Kazımov, Qurban Mesimov, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əbülfəs Qarayev Azərbaycan teatrlarının inkişafından geniş söhbət edərək bu sözləri dilə gətirib: "Bu gün tam hazır formada Azərbaycan Dövlət Musiqili Komediya Teatrının açılışına start veririk. Yeni təmirindən sonra teatrımız tamaşaçıların ixtiyarına verildi. Bu, Prezidentimiz cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi xidmətlərin təzahürüdür. Ölkəmiz öz teatrları ilə hüdudları aşaraq beynəlxalq səviyyədə nümayiş etdirilir. 10 il ərzində 970-dən çox yeni əsər və tamaşalar xalqın ixtiyarına verilib. Onlardan 200-ü dövlət sifarişi ilə hazırlanıb. Azərbaycan teatrı 40-a qədər beynəlxalq teatr festivallarında iştirak edib. Bu da son 10 il ərzində ölkəmizin mədəniyyətinin inkişafının sübutudur. Onu da deyim ki, yaşlı aktyor və aktrisalarla çiyin-çiyinə kifayət qədər gənclərimiz fəaliyyət göstərir. Xüsusilə qeyd edim ki, Azərbaycan tamaşaları xarici ölkədə yaşayanlara da təqdim olunur".

Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Şəfiqə Məmmədova da mükafata layiq görülüb: "Belə anlara görə yaşamağa dəyər. Çox xoşbəxtəm. Çünki mənə də şöhrət ordeni mükafatı verildi. İndi keçirdiyim hisləri dilə gətirmək mənim üçün çox çətindir. Bu işdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm".

Xalq artisti Amaliya Pənahova sevincini həmkarları ilə bölüşərək bu sözləri dilə gətirib: "Bu cür böyük mükafata layiq görüldüyüm üçün özümü xoşbəxt hiss edirəm. Prezidentimiz Cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Qarşıdan prezident seçkiləri gəlir. Buna görə də hamını bir nəfər kimi Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Xalq artisti İlhamə Quliyeva: "Mən artıq əməkdar, xalq və nəhayət şöhrət ordeninə layiq görüldüm. Özümü xoşbəxt sənətkarlardan sayıram ki, bu cür möhtəşəm ordenlə təltif edildim. Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıya görə Cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını Prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıram. Əminəm ki, xalqımız düzgün seçimini edib, İlham Əliyevi yenidən ölkə başçısı seçəcək".

Nəzərinizə çatdıraq ki, mükafatlandırma mərasimində bir çox xalq artistlərinə şöhrət ordeni verilib. Onların sırasında Şəfiqə Məmmədova, Amaliya Pənahova, İlhamə Quliyeva, Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ramiz Məmmədov və başqaları olub.

Qeyd edək ki, sənətçilərə "Şərəf", "Şöhrət", "Xalq artisti", "Tərəqqi", "Xalq rəssamı", "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" və başqa mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə