Britaniya jurnalında Azərbaycan haqqında məqalə nəşr olundu

Britaniya jurnalında Azərbaycan haqqında məqalə nəşr olundu

Böyük Britaniyanın nüfuzlu "Politics First" jurnalının sentyabr buraxılışında "Azərbaycan - Odlar yurdu" sərlövhəli məqalə dərc olunub. SİA-nın verdiyi xəbərə görə, məqalənin əvvəlində Azərbaycanın yerləşdiyi coğrafi məkan, müsəlman Şərqində ilk demokratik respublika qurması və qadınlara seçki hüququ verməklə Qərb dövlətlərinə nümunə göstərməsi, müstəqilliyinin bərpası, son 20 ildə keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gələcəyi adlandırıldığı məqalədə respublikamızın həm hasilatçı, həm də tranzit ölkə olduğu xüsusi vurğulanıb.

Məqalədə Azərbaycan mədəniyyətinin zənginliyi və bənzərsizliyi də qeyd olunub. Bakıda tikinti "Bumu"nun yaşandığının diqqətə çatdırılıb: "Hazırda şəhərdə memarlar müasir, möhtəşəm və qeyri-adi binalar tikirlər. Bu yeniliklərin sırasına "Ağ şəhər" layihəsi, qeyri-adi görünüşü ilə insanı heyran qoyan Heydər Əliyev Mərkəzi, Odlar yurdunun rəmzi olan "Alov qüllələri", bükülmüş xalçanı xatırladan yeni Xalça Muzeyi, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən "Baku Crystal Hall" daxildir".

Azərbaycanda turizm sektorunun sürətli inkişafının qeyd olunduğu məqalədə bildirilir ki, Bakıda son illərdə çox möhtəşəm beşulduzlu hotellər tikilib istifadəyə verilib. Bakı da o qədər gözəlləşib ki, burada adam darıxmır: "Bakıda Caz Mərkəzi, Akademik Opera və Balet Teatrı, Dövlət Filarmoniyası və digər mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərin rəmzinə çevrilən Qız qalasının da daxil olduğu İçərişəhər hazırda UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib. Mədəniyyətin inkişafı milli birlik hissinin canlanmasına və dövlətin xüsusi qayğısı sayəsində xalq musiqisi ilə yüksək səviyyəli improvizasiyanın vəhdətindən ibarət muğamın da tərəqqisinə təkan verib. Bakıdan kənarda yerləşən əyləncə parklarının gözəlliyi insanı valeh edir. Paytaxtdan kənara çıxan turistlər Qafqaz dağlarında ilin çox hissəsi qar altında qalan kiçik yaşayış məskənlərinə səyahət edə bilərlər".

Qeyd edək ki, məqalə Azərbaycan mətbəxinin gözəlliyi və zənginliyinə dair fikirlərlə başa çatır: "Təzə meyvə-tərəvəz, dadlı ət yeməkləri və evdə bişirilmiş çörəyi ilə Azərbaycan mətbəxi Qafqazda ən ləziz mətbəx hesab edilir".

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə