Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Azərbaycanın nümayəndə heyəti Zambiya və Zimbabvedə keçirilən BMÜTT Baş Assambleyasının 20-ci sessiyasında iştirak edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun SİA-ya verdiyi xəbərə görə, sözügedən tədbir çərçivəsində keçirilən növbəti iclas bu gün Zambiyanın Livinqston şəhərində baş tutub.
Onun sözlərinə görə, sessiya zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub və ölkəmizin Şuraya üzvlüyü təsdiqlənib.
Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycan üzvlüyə 25 səslə birinci olaraq seçilib. Ümumilikdə, seçilmiş dörd ölkə üzrə səslər aşağıda göstərildiyi kimi bölüşdürülüb:
1. Azərbaycan 25 səs
2. Almaniya 24 səs
3. Serbiya 20 səs
4. Bolqarıstan 18 səs
Eyni zamanda, Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.
Qeyd edək ki, sözügedən qərarların müzakirəsi zamanı Ermənistan Respublikasının nümayəndə heyəti etirazını bildirib, lakin Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən dəstəklənməyib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və xüsusilə ölkəmizin İspaniya Krallığındakı səfirliyinin bu nailiyyətlərin əldə olunmasında əvəzedilməz rolunu qeyd etmək zəruridir. BMÜTT-nin fəalliyəti çərçivəsində əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun artırılmasının və ölkəmizin dünyadakı imicinin göstəricisidir. Turizm sahəsində əldə olunmuş statistik rəqəmlər bu nüfuzun artırılmasının daha bir təsdiqidir. Belə ki, 2012-ci və 2013-ci ilin yarımilliklərinə nəzər salsaq görərik ki, turistlərin sayındakı artım dünya və Avropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axımının artımı 10% səviyyəsində müşahidə olunub. Bununla, Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaranır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB