"Futbola heç bir faydası olmayana 7000 manat, ən tanınmış aktyora isə..." FOTO
"Akademik Milli Dram Teatrı mövsümünü dünən yekunlaşdırıb. Bu mövsüm teatr üçün olduqca uğurlu keçib və nəzərdə tutulan bütün istəklərimizi həyata keçirə bildik. Ötən mövsüm ərzində 6 dövlət sifarişli, teatrın daxili hesabına 3, bütövlükdə isə 8 rejissorun hazırladığı 11 tamaşa təhvil verilib". SİA-nın məlumatına görə, bunu teatrın direktoru İsrafil İsrafilov 140-cı Teatr mövsümünün yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən mövsüm ərzində teatra bir çox yaradıcı heyət cəlb olunub: "Hazırda bu istiqamətdə işlər görülür və gələcəkdə də davam edəcək. Yeni mövsüm üçün 4 aya 4 yeni tamaşanın hazırlanıb təhvil verilməsi nəzərdə tutulur".
Direktor həmçinin teatrın problemlərindən də söz açıb. Onun fikrincə teatr daxili nəsil dəyişikliyi bir çox problemlərə yol açır: "Teatrda musiqi yazan bəstəkarlarda, teatr rəssamlarında, eləcə də yaradıcı heyətdə bir sıra problemlər özünü büruzə verir. Buna səbəb isə teatr daxili nəsil dəyişikliyinin baş verməsidir. Ona görə də bütün baş verənlər təbiidir. Etiraf etmək lazımdır ki, aktyorların sosial vəziyyəti ağırdır. Teatrda çalışan ən qocaman aktyorlarımız 400, texniki heyət 355 manat maaş alır. Ümumilikdə isə teatrımızda orta aylıq əmək haqqı 272 manatdır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan teatrları içərisində ən yüksək maaş elə bizim teatrdadır. Müqayisə etsək görərik ki, Azərbaycan futboluna heç bir faydası olmayan futbolçuya 7000 manat, ən tanınmış aktyora isə 400 manat pul verirlər. Bu nə dərəcədə düzgündür?!".
"Tamaşaçıların teatrla bağlı probleminin əsasında total savadsızlıq və mədəniyyətsizlik durur", -deyən direktor vurğulayıb ki, teatrla bağlı baş verən hər hansı bir hadisəni ictimailəşdirmək dügün deyil: "Tənbeh etmək teatrın daxili məsələsidir. Bu kimi xəbərləri ictimailəşdirmək lazım deyil. Mətbuat daxilində də problemlər mövcuddur və belə məsələləri kənara çıxarmaq olmaz".
Qeyd edək ki, mətbuat konfransında teatrın direktoru ilə yanaşı xalq artistləri- Nurəddin Mehdixanlı, Ramiz Novruz, Məleykə Əsədova, Cəfər Namiq Kamal iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB