Bəstəkarın bacısı: "Çətinliklə də olsa danışa bilir, lakin yemək yeyə bilmir"
"Şəfiqənin vəziyyəti hazırda normaldır. Səhhəti nə pis, nə də yaxşıdır. Hazırda 1 saylı Kilinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur". Bunu SİA-ya açıqlamasında dünən vəziyyəti pisləşən bəstəkar Şəfiqə Axundovanın bacısı Rəfiqə Axundova deyib.
Onun sözlərinə görə, bu gün səhər bəstəkarı müalicə etmək üçün xəstəxananın baş həkimi reanimasiyada olub: "Baş həkimlər Şəfiqəni kansilium etdilər. Ayaqlarında damarları tutulub. Qan dövranı yaxşı işləmir. Çətinliklə də olsa danışa bilir, lakin yemək yeyə bilmir. Həkimlər ona ürək-qan damarlarının pozuntusu diaqnozu qoyublar. Reanimasiyadan palataya köçürülməsi barədə heç bir məlumat yoxdur".
Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovun verdiyi məlumata görə, bəstəkar xəstəxananın reanimasiya şöbəsində yatır: "Şəfiqə xanım hazırda reanimasiya şöbəsindədir. Bəstəkarı xroniki qan dövranı çatışmazlığı diaqnozu ilə tibbi mərkəzə qəbul etmişik. Vəziyyəti hələlik ağırdır. Müalicə-müayinə işləri davam edir".
Qeyd edək ki, o, iyulun 10-da xroniki qan dövranı çatışmazlığı, hipertoniya və şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir qədər sonra təcili yardım maşını ilə Bakıya yola salınıb. Şəfiqə Axundova iyulun 11-də Bakıdakı Klinik Tibbi Mərkəzə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB