Nazir Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə qərara münasibət bildirib

Nazir Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə qərara münasibət bildirib

"Azərbaycan dövləti görkəmli xalq rəssamı Toğrul Nərimanbəyovun cəsədinin Azərbaycana gətirilməsi istiqamətində iş görür". SİA-nın xəbərinə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Toğrul Nərimanbəyov Azərbaycan mədəniyyətinin, xalqının bir hissəsi olan, ictimaiyyətin rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir: "Sözsüz ki, biz onu Azərbaycana gətirib hörmətlə dəfn etmək istəyirik. Lakin burda bir başqa amil ortaya çıxır. Fransa Respublikasının qanunvericiliyi ailə münasibətləri daxilində xanımı və yetkinlik yaşına çatmayan uşağın mövqeyini nəzərə alaraq qərar çıxarıb ki, bu insan Fransada dəfn olunsun. Orada insan hüquqları müdafiə olunur. Sözsüz ki, xanımın iradəsi və rəyi onu mütəmadi ziyarət etmək və onun yanında olmaq mövqeyi ilə izah olunur. Nəzərinizə çatdırım ki, bu proses hələ davam edir".

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında dünyasını dəyişib. Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə isə iyunun 18-də T. Nərimanbəyovun Fransada dəfn olunması barədə qərar çıxarıb.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə