Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan mini-futbol üzrə yarışmada iştirak edib. Teatrdan SİA-ya verilən məlumata görə, yarışmanı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova və teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Ulu Öndər Heydər Əliyevin elm, təhsil, mədəniyyət, teatr və idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açaraq, həvəskar futbolçuların yarışa ciddi hazırlaşdıqlarına inandıqlarını və yüksək oyun texnikası göstərəcəklərinə əminliklərini vurğulayıblar.
3 gün davam edən yarışmada teatrla yanaşı, Akamedik Milli Dram, Opera və Balet Teatrları da iştirak ediblər. Maraqlı oyun nümayiş etdirən Gənc Tamaşaçılar Teatrının oyunçuları yarışmada II yeri qazanaraq diplom və pul mükafatına layiq görülüblər.

Daim maraqlı repertuar siyasəti sərgiləyən, beynəlxalq festivallarda iştirak edən teatr daha bir səfərə hazırlaşır. Belə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yaxın günlərdə növbəti Beynəlxalq Teatr Festivalına qatılmaq üçün dəvət alıb. Kollektiv mayın 12-19-da Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün yola düşəcəklər.
Sözügedən festivalda teatr tanınmış alman yazarı Patrik Züskindin psixoloji dram janrında hazırlanan "Kontrabas" adlı monotamaşa ilə çıxış edəcək. Tamaşada kontrabasçı rolunu əməkdar artist Şövqi Hüseynov ifa edir.
Məlumat üçün bildirək ki, həmin tamaşa bu ilin aprel ayında Kolombo II Beynəlxalq Teatr Festivalında nümayiş olunub və festivalın əsas mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB