Ölkənin ən böyük kinoteatrı sabah açılır

Ölkənin ən böyük kinoteatrı sabah açılır

Ölkənin ilk müasir kinoteatrı Park Cinema paytaxtda ən böyük meydançasını sabah açacaq. Park Cinema 6 zaldan ibarət olan və eyni zamanda, 1000-dən artıq tamaşaçı qabul etməyə malik olan daha bir kinoteatrının qapılarını kino həvəskarlarının üzünə açacaq.

Park Cinemanın PR-meneceri Nərgiz Rəfiyevanın SİA-ya verdiyi məlumata görə, kinoteatrın yaradılmasında istifadə olunan müasir avadanlıqlar, yeni texnologiyalar sayəsində tamaşaçı yerlərinin sayı baxımından yeni məkan ölkənin ən böyük və ən müasir kinoteatrı olmağa iddialıdır.

Məlumat üçün bildirək ki, yeni kinoteatr N. Nərimanov metro stansiyasından piyada 3 dəqiqəlik bir məsafədə yerləşən Metro Park AVM-nin 6-cı mərtəbəsində yerləşir.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 3 il bundan əvvəl oktyabrın 16-da fəaliyyətə başlayıb. Mədəniyyət ocağının fəaliyyəti ilk növbədə əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edərək insanların mədəni-maarifləndirilməsinə istiqamətləndirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin qarşısına qoyduğu əsas vəzifələrdən biri kinoya getmək mədəniyyətini gənc nəsil arasında bərpa edib, əhalini yüksək kinomədəniyyətinə alışdırmaqdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə