Azərbaycan Dövlət Musiqili Komediya Teatrı zaman-zaman təhsil müəssisələri ilə müxtəlif layihələr həyata keçirir. Teatrdan SİA-ya verilən məlumata görə, bunlardan biri də bu günlərdə teatr kollektivinin Milli Teatrın 140 illiyi münasibəti ilə "Bakı Modern School"da həyata keçirdiyi tədbiridir. Teatrın rus bölməsində hazırlanan "Skapenin kələkləri" (J.B.Molyer) tamaşasının yaradıcı heyəti ilə görüş qismində hazırlanmış tədbirin əsas mahiyyəti və məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara teatr sənətinin incəliklərini çatdırmaqdır.
Tədbirdə tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov çıxış edərək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, maraqlı yaradıcılıq yolundan, teatr sənətinə imzalarını atmış neçə-neçə aktyor nəslinin yetişməsində teatrın rolundan danışıb. Əsgər Əsgərov qeyd edib ki, böyük ənənələrə malik Musiqili Komediya Teatrı bütün zamanlarda tərbiyəedici mövqedə olub, öz repertuarı ilə eyni zamanda gənclərin tərbiyə edilməsi məsələsini həmişə ön plana çəkib.
"Skapenin kələkləri" tamaşasında əsas rollarda çıxış edən tanınmış aktyorlar Svetlana Bulax, Rauf Babayev, Yulya Heydərova da rejissorun sözünə qüvvət olaraq teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən təqdirəlayiq işlərdən danışaraq belə layihələrin müntəzəm olaraq həyata keçirilməsinin vacibliyindən söhbət açıblar. Sonda məktəblilərin böyük həvəslə ünvanladığı sualları cavablandıran aktyorlar bu görüşü təşkil etdiyi üçün məktəbin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəbin müəllimləri və şagirdləri Musiqili Komediya Teatrında nümayiş olunan bəzi tamaşaları izlədiklərini və tamaşalar barədə öz rəylərini bildirərək bu görüşlərin şagirdlərin teatra cəlb olunmasına müsbət təsir göstərəcəyini xüsusi qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB