Kamran Əliyevin 60 illik yubileyi qeyd olundu FOTO

Kamran Əliyevin 60 illik yubileyi qeyd olundu FOTO

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) filologiya elmləri doktoru, professor Kamran Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən AYB-nin katibi Arif Əmiroğlu K.Əliyevin Azərbaycan filologiyası tarixindəki yeri və xidmətlərindən söhbət açaraq tədbir iştirakçılarına alimin həyat yolu, yaradıcılığı barədə qısa məlumat verərək bildirib ki, alimin yaradıcılığı filoloji fikrimizin bir çox istiqamətlərini əhatə etmiş, klassik irs, folklor, müasir ədəbi fikir bütöv şəkildə izlənilib və Azərbaycan filoloji fikir tarixinin ayrı-ayrı səviyyələri kimi dəyərləndirilib.

Daha sonra çıxış edən Folklor İnstitutunun direktoru Muxtar İmanov yubilyarın güclü fəhmə, nəzəri biliyə, dərin erudisiyaya sahib olduğunu qeyd edib. İnstitutun direktoru bildirib ki, alimin yaradıcılığı filoloji fikrimizin bir çox istiqamətlərini əhatə edir: "Professor Kamran Əliyev heç zaman bir sahəyə qapanıb qalmamış, daima ən müxtəlif istiqamətlərdə toxunulmamış mövzuları diqqət mərkəzinə gətirmişdir. Onun yaradıcılığında klassik irs, folklor, müasir ədəbi fikir bütöv şəkildə izlənilmiş və Azərbaycan filoloji fikir tarixinin ayrı-ayrı səviyyələri kimi dəyərləndirilmişdir. Sözsüz ki, bütün bu yaradıcılığın fövqündə Azərbaycan filoloji fikrinin fəlsəfi dərki durur".

Tədbirin davamında yubilyarın sənət dostları Kamran Əliyev haqqında dəyərlərini fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda çıxış edən yubilyar Kamran Əliyev dəyərli sözlərə və elmi təhlillərə görə hər bir iştirakçıya, tədbiri təşkil edən AYB-nin rəhbərliyinə öz minnətdarlığını bildirib: "Mən bu gün anladım ki, mənim yazdıqlarım dəqiq başa düşülür. Məncə alim və yazar üçün bundan gözəl xoşbəxtlik ola bilməz".

Qeyd edək ki, yubiley mərasimində həmçinin Kamran Əliyevin müəllifi olduğu kitablar da nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə