Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85 illik yubileyi çərçivəsində orta ümumtəhsil məktəbləri ilə birgə bir sıra maraqlı layihələr həyata keçirir. SİA-nın məlumatına görə, bu layihələrdən biri də Nəsimi rayon 16 saylı texniki humanitar litseydə baş tutub.
"Teatr haqqında nə bilirik" mövzusunda keçirilən görüş-diskussiyada giriş sözü ilə çıxış edən məktəbin direktoru Ülviyyə Vəliyeva tədbir iştirakçılarını salamlayıb. Tədbirin keçirilməsinin əsas məqsədi haqqında məlumat verən direktorun sözlərinə görə, insanların mənəvi-estetik zövqünün və dünyagörüşünün formalaşmasında əvəzsiz rolu olan "teatr" anlayışı tədbirin əsas qayəsini təşkil edir: "Bu gün məktəbimizin qonağı Azərbaycan teatr tarixində özünəməxsus yeri olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıdır. Bu teatrda nümayiş etdirilən tamaşalar, teatrın apardığı düzgün repertuar seçimi neçə-neçə gənc nəslin yetişməsi və intellektual səviyyəsinin düzgün forlamaşmasında mühüm rol oynayıb. Bizim məktəbin şagirdləri də bu teatrda nümayiş etdirilən bəzi tamaşaları izləyiblər. Düşünürəm ki, bu görüş şagirdlərin teatra cəlb olunmasına öz müsbət təsirini göstərəcək".
Daha sonra teatrın baş redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi çərçivəsində teatrın ümumtəhsil məktəbləri ilə birgə keçirilən layihələr haqqında ətraflı məlumat verib: "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı və Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140, Dövlət Gənc Tamaşçılar Teatrının 85 illiyi ilə əlaqədar bir sıra layihələr həyata keçirilir. Bir neçə gün öncə 189 saylı məktəbdə çox maraqlı bir müzakirə baş tutmuşdur. Mart ayından isə Səbail rayon orta ümumtəhsil məktəbləri ilə birgə "Mən teatr haqqında danışmaq istəyirəm" adlı layihəyə start veriləcəkdir. Bu layihə gənc və yeniyetmələrə qədim və zəngin tarixə malik "teatr" anlayışının, bu sahədə adlarını tarixə yazmış korifey sənətkarları, dövlətimizin teatr sahəsinə göstərdiyi diqqət və qayğını daha yaxından öyrənməyə təkan verəcək".
Teatrın aktyorları, əməkdar artist Elşən Rüstəmov, aktyorlar Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev çıxış edərək teatrın onların həyatlarındakı əhəmiyyəti, oynadıqları obrazlar haqqında danışaraq məktəblilərin suallarını cavablandırıblar.
Daha sonra məktəbin 5-ci sinif şagirdi Fidan Axundova, 6-cı sinif şagirdləri Zəhra Rzayeva, Aslan İmranov və 7-ci sinif şagirdi Raul Əliyevin ifasında maraqlı səhnəcik nümayiş etdirilib. Teatrın aktyoru İlham Əsədovun ifasında Azərbaycan haqqında mahnı səsləndirərkən məktəbin şagirdləri öz ifaları ilə ona dəstək olublar.
Müzakirədə fəal iştirak edən Nizami Qarayev və Nərgiz Kazımzadə hədiyyələrə layiq görülüblər. Məktəbin direktor müavini Aynurə Qasımova, tarix müəlliməsi Sevda Adıgözəlzadə və ədəbiyyat müəlliməsi Gülmira Hüseynova da diskussiyada fəal iştirak edərək aktyorlara suallar ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə