Fevralın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, operanın professional səviyyəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi tamaşada iştirak etmək üçün tanınmış vokal sənəti ulduzlarını Bakıya dəvət edib.
Tamaşada əsas partiyalardan birini – Leonora partiyasını ifa etmək üçün Belorusun əməkdar artisti, Vokalçıların A.Dvorjek (Çexiya, 1999), M.Şnayder-Trnavski (Slovakiya, 2000) adına və İ.Alçevski (Ukrayna, 2001) müsabiqələrinin laureatı, Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının və həmçinin Rusiya Akademik Böyük Teatrının solisti Anastasiya Moskvina dəvət olunub. A.Moskvina dünyanın bir sıra ölkələrində - Tailand, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya və Fransada qastrol səfərlərində olub.
Manriko partiyasını isə Rusiyanın əməkdar artisti, vokalçıların M.İ.Qlinka adına müsabiqəsinin laureatı, Sankt-Peterburqun Mariinski adına Teatrının aparıcı solisti Avqust Amonov ifa edəcək. A.Amonov dünyanın bir sıra aparıcı teatrlarının – İngiltərə, Finlandiya, ABŞ, Slovakiya, Yaponiya, Avstriya, Almaniya, İtaliya və başqa ölkələrin səhnələrində böyük uğurla çıxış edir.
Tamaşanı Rusiyanın əməkdar artisti, "Triumf" mükafatı laureatı, Çilinin Santyaqo Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Konstantin Çudovski idarə edəcək.
Tamaşada həmçinin Azərbaycanın istedadlı vokal ustaları xalq artisti Əvəz Abdullayev (Qraf di Luna) və əməkdar artist Səbinə Vahabzadə (Azuçena) çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB