İstedadlı gənclərdən yeniliklər

Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış musiqiçi Ramil Qasımov 2 fevral - Gənclər günü ilə əlaqədar yaradıcı gənclərlə birlikdə xüsusi layihə üzərində işləyir. Layihənin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, AzTV-nin bədii rəhbəri Etibar Kamaloğludur.

Ramil Qasımovun SİA-ya verdiyi məlumata görə, bu gün müstəqil Azərbaycanımızda dövlət gənclər siyasəti uğurla həyata keçirilir. O bildirib ki, sözügedən layihədə Azərbaycanın istedadlı gəncləri yer alacaq, müxtəlif sahələrdə uğur əldə etmiş gənclər nailiyyətlərindən söhbət açacaqlar.

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin sözlərinə, bəstəkarlar- Azad Zahid, Kərəm Əkbər, Nərminə Nağıyevanın xüsusi olaraq bu layihə üçün yazdıqları "Azərbaycan gəncləri", "Bizim gənclik" mahnıları ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Hazırda layihə üzərində qızğın işlər gedir.

R.Qasımov onu da qeyd edib ki, "Prezidentin gənclərə diqqət və qayğısı Ulu öndər Heydər Əliyevin fəaliyyətindəki prioritetlərdəndir. 16 il öncə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral gənclər günü kimi qeyd edilməsi ulu öndərimizin gəncliyə inamından, ehtimadından xəbət verir. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da gənclərə qayğısı əvəzolunmazdır. Bu diqqət və qayğıdan ruhlanaraq daima ölkəmizə faydalı olmağa çalışırıq. Gənclik həyatdır, gənclik nurdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva ölkəmizin hüdudlarından kənarda Azərbaycan gəncliyinin simvolu kimi milli mənəvi dəyərlərimizin təbliğatçısıdir. Bu bizə böyük şərəf, qürur hissi verir".

Bütün xəbərlər Facebook səhifəmizdə