4 yeni tamaşa

85 illik yubileyi çərçivəsində bu il Gənc Tamaşaçılar Teatrı üçün önəmli hadisələrlə zəngin olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, teatrda yeni ilin ilk həftəsi 4 yeni tamaşanın hazırlanmasına start verilib. S.Saxundov və A.Şaiqin "Qaraca qız" əsəri əsasında eyniadlı tamaşa üzərində xalq artisti Vaqif Əsədov yaradıcılıq prosesi aparır. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, Sona Babayeva, Güşvər Şərifova və başqaları çıxış edəcəklər.

Teatrın yeni quruluşda tamaşaçılara təqdim edəcəyi 2-ci tamaşa Bolqar yazarı Panço Pançevin "Dörd əkiz qardaşın nağılı" əsəridir. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazlar üzərində əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov və teatrın başqa aktyorları canlandıracaqlar.

Kollektivin hazırda üzərində məşq etdiyi 3-cü tamaşa İsveç yazarı və tanınmış teatrşünas Lars Nurenin "Müharibə" əsəridir. Tamaşanı teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun təqdimatında görə biləcəyik. Tamaşada əsas obrazları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, aktyorlar Nigar Məmmədova, Roza İbadova, Rasim Cəfərov ifa edəcəklər.

Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində teatr məktəbliləri yeni tamaşa ilə sevindirəcək. Bu dəfə onlar M.Müfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" poeması əsasında səhnələşdirilən eyniadlı tamaşanı izləyəcəklər.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev və başqaları ifa edəcəklər.

Sözügedən yeni tamaşaların premyeraları bu ilin fevral və mart aylarında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə