Amerikalı skripkaçı xalq artistimizin əsərini təqdim edəcək

Amerikalı skripkaçı xalq artistimizin əsərini təqdim edəcək

Yeni ilin ilk günlərindən etibarən Avropa ölkələrinə yaradıcılıq turnesinə çıxacaq Amerikanın ulduz skripkaçısı Hillari Han yanvarın 3-də İstanbulun məşhur Camal Reşit Rey konsert salonunda xalq artisti, professor Firəngiz Əlizadənin skripka və fortepiano üçün bəstələdiyi "İmpuls" əsərinin premyerasını təqdim edəcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Hillari Han gənc olmasına baxmayaraq çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır. O, həm də Paqanininin (Nikola Paqanini- virtuoz italyan skripkaçı, bəstəkar, "24 Kapriz" əsərinin müəllifi) əsərlərinin ən yaxşı ifaçısı kimi də tanınır. "İmpuls" əsərinin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən Hillari Han əsərin müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir.

Mətbuata müsahibələrində Hillari Han qeyd edib ki, Firəngiz Əlizadəyə yeni, həmçinin irihəcmli əsər sifariş etmək arzusundadır.

Bütün xəbərlər Facebook səhifəmizdə