Yeni ilə yeni tamaşalarla...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ənənəsinə sadiq qalaraq maraqlı repertuar siyasətini davam etdirir. Teatrda 2013-cü ildə hazırlanacaq yeni səhnə əsərləri maraqlı quruluşu, rəngarəng tərtibatı, peşəkar aktyor ifası və bütün digər nüansları ilə seçiləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu əminlik 2013-cü ilin repertuar planında müəyyənləşdirilən məşhur Azərbaycan və dünya dramaturqlarının əsərlərinin rəngarəngliyindən qaynaqlanır.

Teatrda yeni ilin ilk günlərində Bolqar yazarı Panço Pançevin "Dörd əkiz qardaşlar haqqında nağıl" pyesi əsasında eyniadlı tamaşasının məşqlərinə start veriləcək. Yeni ilin ilk günlərində məşqlərinə başlanılacaq daha bir tamaşa İsveç şairi, dramaturq, ssenarist və teatr rejissoru Lars Nurenin "Müharibə" pyesi əsasında hazırlanacaq. Tamaşanı teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirəcək.

Azərbaycan peşəkar teatrının yaranmasının 140 illiyinin təsadüf etdiyi bu il həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 85 ili tamam olur. Bununla bağlı təntənəli yubiley mərasimi həyata keçiriləcək. Bundan başqa, teatrda Azərbaycan və Beynəlxalq Teatr günləri ərəfəsində yeni yaradılan "Çardaq" səhnəsində yeni mono və eksperimental tamaşaların nümayişi də həyata keçiriləcək.

Mövsüm ərzində teatr iki beynəlxalq layihəni reallaşdıraraq, bir neçə xarici ölkəyə qastrol səfəri də planlaşdırıb. Beynəlxalq layihələrə önəm verən teatrda Aleksey Tolstoyun "Qızıl açar" ("Buratinonun sərgüzəştləri") tamaşası hazırlanacaq ki, həmin səhnə əsərinin quruluşçu rejissoru Beynəlxalq ASSİTEJ-in baş katibi İvisa Simiçdir.

Teatrın repertuarında olan "Qaraca qız" tamaşası isə yeni heyətlə, quruluş və tərtibat baxımından fərqli şəkildə yenidən hazırlanaraq tamaşaçıların ixtiyarına veriləcək. Teatrda həmçinin bir sıra digər tamaşaların hazırlanması, eləcə də treninq və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə