“Qış bayramı”nda nələr olacaq? FOTO

“Qış bayramı”nda nələr olacaq? FOTO

Musiqili Komediya Teatrının kollektivi hər il olduğu kimi, bu il də balaca tamaşaçılarını unutmayıb, qış tətili günlərində uşaqların mənalı istirahəti üçün zəngin repertuar hazırlayıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə tətil günlərində yaradıcı heyət balaca tamaşaçılarını Arzu Soltanın "Qış bayramı" tamaşası ilə sevindirəcək.

Tamaşaya gənc rejissor Anar Məmmədov quruluş verib. Tamaşada balacaların maraqla izləyəcəkləri personajları Rəsmiyə Nurməmmədova, Güldanə Əzimova (İfritə), Elçin İmanov, Fərid Rzayev (Canavar), Türkel Şabanova, Nigar Qarayeva (Qırmızı papaq), Mehriban Zalıyeva, Gülçöhrə Abdullayeva (Pişik), Röya Xasıyev (Xoruz), Hüseyn Əlili, Elməddin Dadaşov (İt), Ağaxan Şərifov, Elməddin Dadaşov (Uzunqulaq) canlandıracaqlar.

"Qış bayramı" tamaşası ilə birlikdə teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının təqdimatında "Şəngülüm, Şüngülüm və Məngülüm" (Oqtay Zülfüqarov və Ramiz Heydər) tamaşası da nümayiş olunacaq. Elməddin Dadaşov və Mehman Cəfərovun quruluşunda göstəriləcək tamaşada rolları Nurhəyat Öktəm, Kənan Eyvazov, Fidan Axundova, Adilə Cəfərova, Xəyalə Fərəcova, Ayişə Məmmədova, Rəvan Hümbətli, Fikrət Tağıyev, İslam Əbdülrəhimov, Nəzrin Hacıyeva və digər aktyorlar ifa edəcəklər. Uşaqların sevimli nağılı əsasında hazırlanmış tamaşa hər gün saat 16:30-da göstəriləcək.

Onu da qeyd etmək lazımdır ki, tamaşadan əvvəl Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qız uşaqları qarşılayacaq, onları əyləndirəcək və hədiyyələr təqdim edəcək. Şaxta baba rolunda Novruz Qartal və Məhərəm Qurbanov, Qar qız rolunda Gülnar Əzizova, Gültac Əlili və Xəyalə Fərəcova çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, Musiqili Komediya Teatrının yaradıcı heyəti başqa günlərdən fərqli olaraq, gələn il yanvarın 10-na kimi daha məhsuldar işləyəcək. Belə ki, kollektiv gündə 4 seans olmaqla saat 10:30, 12:30, 14:30 və 16:30-da balaca tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, sənət ocağının binası hazırda təmirə bağlı olduğu üçün teatr yeni il tamaşalarına baxmaq istəyənləri Dənizçilərin Mədəniyyət Evində qarşılayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə