Bu gün Xalq şairinin anım günüdür

Bu gün şair, tərcüməçi, publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Məmməd Arazın anım günüdür. SİA-nın məlumatına görə, Məmməd Araz - İbrahimov Məmməd İnfil oğlu 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Orta məktəbi Nursu kəndində bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Sonra Bakıya köçüb. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonralar "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

M.Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).

M.Araz 2004-ci ilin dekabrın 1-də Bakıda vəfat edib. Xalq şairi Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə