Həmyerlimiz beynəlxalq müsabiqədə I oldu FOTO

Həmyerlimiz beynəlxalq müsabiqədə I oldu FOTO

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova bu günlərdə Qazaxstan Respublikasından qayıdıb. SİA-nın məlumatına görə, aparıcı solist Vokalçıların "DOCSTAR" I Beynəlxalq Açıq Müsabiqəsində iştirak edib və dünyanın müxtəlif ölkələrindən gələn, əsasən operetta ifaçılarının qatıldığı müsabiqədə I yeri tutaraq laureat adına layiq görülüb.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıqlamasında bildirib ki, müsabiqənin təşkilatçıları bənzərsiz səs imkanlarına sahib olan istedadlı aktrisanın müsabiqəyə qatılmasında dəstəyə görə mədəniyyət və turizm naziri Ə.Qarayevə və teatr rəhbərliyinə xüsusi minnətdarlıq məktubu göndəriblər. Belə bir mötəbər müsabiqədə layiqli yer tutduğuna görə teatr rəhbərliyi isə istedadlı aktrisanı mükafatlandırıb.

Qeyd edək ki, solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89" Respublika müsaqibəsinin, 1990-cu ildə isə Moskva şəhərində keçirilən "Yeni adlar" III Ümumittifaq müsabiqəsinin laureatı olub. 1991-ci ildə Almatı şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub. Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət günlərində iştirak etmiş, simfonik və kamera orkesterlərinin müşayəti ilə klassik və müasir əsərləri böyük ustalıqla ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə