Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdaş rayonunda rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, həmçinin rayon mədəniyyət və turizm şöbəsinin, icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri tanınmış rəssamlar tərəfindən Ağdaş rayonunda yeniyetmə və gənc rəssamlar üçün ustad dərsləri keçirilib. Onların əsərlərindən ibarət sərgi təşkil edilib. Ustad dərslərində Ucar, Göyçay, Ağdaş, Kürdəmir və Zərdabdan 28 uşaq, yeniyetmə və gənc rəssam iştirak edib.
Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış rəssamlar - Mirzəağa Əsgərli, Emin Əsgərov, Namiq Qəhrəmanov, Ələsgər Kazımov, Fərhad İsgəndərli, Yaşar Əliyev, Ruhiyyə Rəhimova, İlahə Əliyeva və Ülkər Xaliqova tərəfindən 3 gün ərzində ustad dərsləri və məşğələlər keçirilib. Eyni zamanda tanınmış rəssamların iştirakı ilə Ağdaş şəhərindəki Heydər Əliyev parkında açıq hava altında təşkil olunan yaradıcılıq emalatxanasında gənc rəssamlar kətan üzərinə yağlı boya ilə 30-a yaxın müxtəlif mövzuda rəsmlər çəkiblər. Həmin əsərlər 5 gün ərzində Heydər Əliyev Mərkəzində sərgilənəcək. Bakıdan gəlmiş rəssamların 16 əsəri, eləcə də Ağdaşda təşkil edilən yaradıcılıq emalatxanasında gənclər tərəfindən çəkilən rəsmlər Ağdaş Dövlət Rəsm Qalereyasının fonduna veriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci ildən başlayaraq ölkəmizin regionlarında rəssamların yaradıcılıq emalatxanaları təşkil olunur. Növbəti belə tədbir noyabrın 26-dan 30-dək Mingəçevirdə təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB