Bu gün Beynəlxalq Muğam Mərkəzində "Bakı Beynəlxalq Caz Festivalı-2012"nin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda mədəniyyət və incəsənətin bütün sahələrinə, o cümlədən caz sənətinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir: "Caz mədəniyyətimizin ayrılmaz bir hissəsinə çevrilib. Azərbaycan cazmenləri beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edirlər. Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində dünyanın tanınmış caz ifaçıları paytaxtımızın bir çox mədəniyyət ocaqlarında geniş konsert proqramları ilə çıxış edəcəklər".
Festivalın ilk günündə gitara ifaçısı, "Qremmi" (GRAMMY) mükafatı laureatı Mayk Stern (ABŞ) cazsevərlərin qarşısına çıxıb. İfasında rok və klassik musiqini məharətlə birləşdirən sənətkarın çıxışı alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, festivalın davam edəcəyi 10 gün ərzində Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.
Qeyd edək ki, caz festivalı Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB