"Ana qaz" teatr səhnəsində FOTO

Bu gün Gənc Tamaşaçılar Teatrında "Biz teatrı sevirik" layihəsi çərçivəsində xalq şairi Rəsul Rzanın "Ana qaz" tamaşası nümayiş etdirilib. SİA-nın məlumatına görə, tamaşaya teatrın kollektivi, Azərbaycan Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisinin nümayəndələri ilə yanaşı, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrin övladları tamaşa ediblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, yazıçı, publisist Salatın Əhmədli artıq neçə ildir ki, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin övladlarına təmənnasız olaraq öz vəsaiti hesabına biletlər təqdim edir, onlara sevinc bəxş edir. Bu günə qədər bu xeyirxah missiya Mərdəkan və Maştağada fəaliyyət göstərən belə təhsil müəssisəsi ilə birgə həyata keçirilib. Sözügedən təhsil ocaqlarının siyahısına Suraxanıdakı 89 №-li məktəb, Bilgəhdəki müharibə və əmək veteranları üçün müalicə pansionatı da daxil edilib. Salatın Əhmədli teatrda bu gün oynanılan "Ana qaz" tamaşasına həmin təşkilatlardan yenidən nümayəndələr dəvət edib.

Sevgini, xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən "Ana qaz" alleqorik dramı ehtiva etdiyi məziyyətləri ilə böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Fəxrəddin Dünyamalıyev, rejissor assistenti Manaf Dadaşovdur.

Səhnə əsərində rolları aktyorlar Nicat Kazımov, Kəmalə Hüseynova, Elnur Kərimov, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Anar Səfiyev, Asya Atakişiyeva, Günel Məmmədova, Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Mehriban Hüseynova, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Manaf Dadaşov canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə