Bu il ölkəmizin ilk dəfə qatılacağı "Junior Eurovision-2012" yarışmasında Azərbaycan Dövlət Musiqili Komediya Teatrnın Yaradıcılıq studiyasının balaca istedadları da özlərini sınayıblar. SİA-nın məlumatına görə, son mərhələyə qədər seçim turundan keçən Qəmərtac Maqsudova, Toğrul Kərimov və Suada Ələkbərova yaşıdları arasında çox fərqli çıxışlar təqdim ediblər.
Suada Ələkbərova isə artıq adı hamıya yaxşı məlum olan Ömər Sultanovla birlikdə final mərhələsinin qalibi olub, 12 ölkənin qatılacağı gənc istedadların "Evrovision" yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Suadanın 11 yaşı var və bir neçə ildir ki, Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir.
Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı".
Ə.Musayeva onu da vurğulayıb ki, bu yarışmada iştirakçılara Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev də böyük dəstək olub: "O, iştirakçıları qəbul edərək finalçılara böyük uğur arzulayıb. Eyni zamanda, bildirib ki, balacaların ifasında gözəl bir muzikl hazırlanması barədə düşünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB