"Gənclərin sənət əsərləri lazımi rəy almır" MÜNASİBƏT

İntellektual filmlərin baxışı, art yazarlar üçün master klaslar təşkil olunacaq
"Gənclərin sənət əsərləri lazımi rəy almır" MÜNASİBƏT

"Teatr, təsviri sənət, musiqi sahəsində gənclərin aktivliyi ilbəil artır. Yeni kreativ layihələr həyata keçirilir, ancaq gənclərin sənət əsərləri lazımi ekspert rəyi almır, layihələr elmi nəzəri analiz edilmir, proqnozlar verilmir. Sənətşünaslıq, musiqişünaslıq, kino və ya teatr tənqidi bu sahədə çalışan insanlarda sifarişli tənqid və ya sifarişli tərif kimi qəbul olunur. Lakin adıçəkilən sahələrdə gedən proseslərin dərin analizi, proqnozu çox vacibdir. Xüsusi ilə sənət sahəsində ilk addımını atan yaradıcı gənclər üçün bu çox əhəmiyyətlidir. Yaradıcı gənclərin maariflənməsi, büxtələşməsi üçün də sənətşünaslığın əhəmiyyəti danılmazdır".

Bu sözləri SİA-ya Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarov açıqlamasında bildirib. Onun sözlərinə görə, bu problemləri aktuallaşdırmaq, gənc art yazarlara dəstək olmaq, onların peşəkarlıq səviyyəsinin artırılması, yaradıcı gənclərin layihələrinin işıqlandırılması, analiz edilməsi məqsədi ilə Assosiasiya "İxtisaslaşmış art nəşrlər" , "Yaradıcı gənclərin kino evi", "Yaradıcı gənclərin və art jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılma vasitəsi kimi" layihələrinə start verib. Layihə Azərbaycan Gənclər Fondunun qrant müsabiqəsinin qaliblərindəndir.

Ə.İ. Cabbarov onu da qeyd edib ki, "Yaradıcı gənclərin kino evi" konsepsiyası altında müntəzəm olaraq fərqli, intellektual filmlərin baxışını keçirəcək, art yazarlar üçün master klaslar təşkil edəcək, yaradıcı gənclərin və gənc art yazarların layihələri işıqlandırılacaq: "Bu sahəyə maraq, analitik kino jurnalını nəşr etməyimiz sadə bir tələbatdan doğdu. Öz filmlərimin keyfiyyətli analizini görmək istədik. Son dövrlər teatr və təsviri sənətdə gənclərin aktivliyini müşahidə edib bir problemi açıq aydın sezdik: layihələr ekspert rəyinə həsrət qalıb, peşəkar analiz olunmur. Ona görə də art yazarları dəstəkləyən, bu sahədə fəaliyyəti stimullaşdıran layihəyə başlamağı qərara aldıq".

Layihənin koordinatorlarından olan gənc kinorejissor Emin Əfəndiyev layihənin həyata keçirilməsində yaradıcı gənclərin geniş kütlələrinin əhatə olunmasının vacibliyini qeyd edib: "Bu məqsədlə biz İncəsənət və Mədəniyyət Universiteti, Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Bakı Film İnstitutu ilə aktiv əməkdaşlıq etmək niyyətindəyik. Bundan başqa, "facebook" sosial şəbəkəsində kino və teatr sahəsində çalışan gəncləri birləşdirən bir neçə qruplarla əməkdaşlıq edəcəyik. Xüsusi ilə "Cineline" "facebook" qrupunu qeyd etmək istəyirəm. Qrup layihənin rəsmi informasiya sponsorlarındandır".

Qeyd edək ki, layihənin müddəti 1 il nəzərdə tutulub, 2013-cü ilin sentyabr ayına qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə