Tehranda Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi işin müdafiəsi uğurla keçib

Tehranda Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi işin müdafiəsi uğurla keçib

İranın Şəhid Behişti Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin fars dili və ədəbiyyatı bölməsində böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi işin müdafiəsi uğurla başa çatıb.

Müdafiədə Elmi Şuranın üzvləri ilə yanaşı, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, səfirliyimizin əməkdaşları, Tehranda akkreditə olunmuş digər diplomatik nümayəndəliklərin təmsilçiləri, habelə universitetdə təhsil alan xarici dissertant və doktorantlar iştirak ediblər. Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Hürnisə Bəşirovanın "Topal Teymur" dramının fars dilinə tərcüməsi və təhlili" mövzusunda elmi işi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

"Topal Teymur" dramı barədə ümumi məlumat verən iddiaçı bildirib ki, Hüseyn Cavid bütün əsərlərini bəşəri dəyərlər əsasında yaratmış, dünyanın siyasi düzümünü, böyük dövlətlərin səngiməyən maraqlarını obrazlı şəkildə oxuculara çatdırmışdır. Böyük Cavidin orijinal dil üslubundan bəhs edən müdafiəçi bildirmişdir ki, yaradıcılığı boyu müəllifin Tanrıya bağlılığı, islami dəyərlərə sevgisi, insanlara məhəbbəti, xalqlara rifah tərənnümü, dünyaya sülh arzuları ilə çırpınan qəlbinin döyüntülərini izləmək mümkündür.

İddiaçıya və iştirakçılara universitetin rəhbərliyi adından minnətdarlığını bildirən fars dili və ədəbiyyatı fakültəsinin müdiri Kazım Dezfulyan bildirmişdir ki, Azərbaycan və İran xalqlarını qədim mədəni köklər birləşdirir. Burada yeganə fərq dildir. Odur ki, H.Bəşirova kimi mütəxəssislərin fəaliyyəti bu mədəni əlaqələri daha da genişləndirir.

Elmi işin rəhbəri Əmir Çinari bildirib ki, bu vaxtadək İranda ən məşhur Azərbaycan dramaturqu kimi Mirzə Fətəli Axundzadə tanınıb. Lakin təqdim olunan bu elmi iş Azərbaycanın zəngin dramaturgiya dəfinəsinin mövcudluğunu farsdilli oxuculara isbat edir. İlk dəfədir ki, İranda Hüseyn Cavid yaradıcılığına elmi iş həsr edilir və dramaturqun "Topal Teymur" əsəri fars dilinə tərcümə olunur. Universitetin rəhbərliyi arzu edir ki, xanım Bəşirova doktorluq işini də Hüseyn Cavid yaradıcılığının təhlilinə həsr etsin və böyük şairin digər əsərlərini fars dilinə tərcümə etməklə farsdilli oxuculara və tədqiqatçılara öz qiymətli töhfəsini əsirgəməsin.

Müdafiədə çıxış edən səfir Cavanşir Axundov Hüseyn Cavid yaradıcılığının fars dilində elmi araşdırılmaya cəlb olunmasını Azərbaycan-İran mədəni əlaqələrinin inkişafının bariz nümunəsi adlandıraraq belə bir işə şərait yaratdıqları üçün universitetin rəhbərliyinə minnətdarlığını bildirib, iddiaçıya gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə