Yeni mövsüm açıldı FOTO

Yeni teatr mövsümünün açılışı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb. SİA-nın məlumatına görə, tədbirdən öncə qonaqlar teatrın foyesində M.F. Axundovun 200 illik yubileyi münasibətilə təşkil olunan sərgiyə baxıblar.

Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi olduğunu deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu sahənin inkişafı günü- gündən artır: "Son illər Azərbaycan teatrları əsaslı təmir və müasir avadanlıqla təchiz olunur. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Cari ilin sonunadək Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yeni təmirdən sonra istifadəyə veriləcək. Həmçinin Akademik Opera Balet Teatrının da təmirə dayandırılacağı gözlənilir".

Nazir çıxışında ötən illərdə respublika teatrlarının dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil etməsindən, xarici dövlətlərin tanınmış sənətkarlarının tamaşa hazırlamaq üçün teatrlarımıza dəvət olunmasından da söz açıb.

Mövsümün açılışı münasibətilə M.F.Axundzadənin 200 illiyinə həsr olunan "Deyilən söz yadigardır" respublika bədii-qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirin yekunu olaraq tamaşaçılara "Lənkəran xanının vəziri" səhnə əsəri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə