Orkestr haqqında nəşr

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 80 illik yubileyi ərəfəsində Orkestr haqqında kitab işıq üzü görüb. Tanınmış vokalçı, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun SİA-ya verdiyi məlumata görə, kitabda olan bütün məlumatlar, orkestrin tarixi üç dildə - Azərbaycan, rus və ingilis dillərində yer alıb.

Kollektiv rəhbəri bildirib ki, bu kitabda Şərqdə ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin dünəni və bu günü əks olunub, kollektivin keçdiyi sənət yolundan və bu yolda qazandığı uğurlardan söhbət açılıb. Həmçinin kitabın ilk səhifəsində CD albom da işıq üzü görüb. CD topluda Orkestrlə daim çalışmış Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Gülağa, Məmmədovun, Lütfiyar İmanovun, Mobil Əhmədovun həmçinin, Müslüm Maqamayevin "Radio Marşı", Üzeyr bəyin orkestr üçün "Fantaziya" əsəri əksini tapıb.

"Uşaqlıq illərimdən bu orkestrlə əməkdaşlıq etmişəm. İlk dəfə bu orkestrə məni ustadım Mobil Əhmədov gətirmişdi. Daim bizim görkəmli bəstəkarlardan Süleyman Ələsgərovu, Hacı Xanməmmədovu, Şəfiqə Axundovanı, dirijor Nəriman Əzimovu bu orkestrlə işbirliyini görürdüm. O vaxtlar düşünməzdim ki, bir zaman mənə bu orkestr haqqında kitab yazmaq nəsib olacaq. Bu gün Azərbaycan Televiziya və Radiosunda çalışdığım üçün qürur duyuram. Çünki, Televiziya və Radionun Musiqi kollektivləri bizim əbədiyaşarların ilk sənət ocağı olub. Qüdrətli, güclü, günü-gündən inkşaf edən Azərbaycanımızın mədəniyyətinə xidmət etmək mənə böyük şərəfdir. Bu ensiklopedik səpkili toplunu oxuduqca siz xalq çalğı alətləri orkestrinin öz xalqı üçün necə böyük işlər gördüyünün şahidi olacaqsınız",- deyə Ramil Qasımov əlavə edib.

Qeyd edək ki, kitabın xüsusi redaktoru Arif Alışanov, müəllifi Ramil Qasımov, məsul redaktoru isə Rəşid Şəfəqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə