“Məhv edilmiş gələcək-Aygün” filminin təqdimatı keçirilib - FOTOLAR

“Məhv edilmiş gələcək-Aygün” filminin təqdimatı keçirilib - FOTOLAR

Bu gün "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin (Şuşa rayon İcra Hakimiyyəti) binasında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin xətti ilə istehsal olunan "Məhv edilmiş gələcək - Aygün" sənədli filminin təqdimatı və təqdimatla bağlı tədbir keçirilib.


Filmin direktoru və məsləhətçisi millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.


11 yaşında erməni terrorunun qurbanı olan Aygün Şahmalıyevanın faciəsindən bəhs edən filmlə bağlı fikirlərini bölüşən Q. Paşayeva bildirdib ki, 1 il öncə ermənilər tərəfindən həyata keçirilən terror nəticəsində qətlə yetirilən 11 yaşlı Aygünün faciəsi dünyada analoqu olmayan bir hadisədir:


"Oyuncağın içərisinə partlayıcı qurğu yerləşdirməklə bir uşağın həyatına son qoymaq heç bir məntiqə sığmayan vəhşilikdir. Bu terror təkcə Aygünün həyatına son qoymayıb, hadisə baş verən Tovuzun Əlibəyli kəndində hadisəyə şahid olan uşaqlarda mənfi izlər buraxıb.


Erməni terrorunun Aygün kimi Xocalıda və digər hadisələr zamanı onlarla qurbanı var. Aygün və onun kimi şəhid olmuş azərbaycanlı uşaqları beynəlxalq təşkilatların laqeydliyinin, biganəlinin qurbanıdır. Əgər bu təşkilatlar vaxtında Xocalıda baş verənlərə və digər hadisələrə reaksiya versəydilər, Aygün qətlə yetirilməzdi. Səssiz qalan cinayət, digər bir cinayətin əsasını qoyur".


Q. Paşayeva bildirib ki, 11 yaşlı Aygün faciəsindən bəhs edən film ingilis, rus dillərinə tərcümə olunaraq, bu filmin simasında Azərbaycanda Ermənilər tərəfindən törədilən terror hadisələri dünya ictimaiyyətinə çatdırılacaq:


"Dünyada ən yaxşı təsir vasitəsi insan hekayətləridir. Aygünün faciəsi kimi digər faciələri də filmləsdirmək və onları nümayiş etdirməklə başımıza gətirilən həqiqətləri dünyaya çatdıra bilərik. Bu işdə QHT-ri, vətəndaş cəmiyyətlərini də aktiv olmağa çağırıram".


Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova öz növbəsində bildirib ki, erməni terrorçuları bu cür faciələr törətməklə vahimə yaratmaq istəyir:


"Ermənilərin məqsədi insanları qorxu altında saxlamaqla onları öz torpaqlarından qaçmağa məcbur etməkdir. Ancaq onlar unutmamalıdır ki, bu gün sərhədyanı kəndlərdə insanlar mərdliklə, heç bir çətinliyə baxmadan qəhrəmanlıqla yaşayırlar".


E. Süleymanova torpaqlarımızın itirilməsinin, baş verən bu cür hadisələrin səbəbini beynəlxalq təşkilatların bitərəfli mövqe tutması ilə əlaqələndirib:


"BMT qərəzli fəaliyyət göstərməsi, biganəliyi bu cür hadisələrin baş verməsinə təkan verir. Prezident İlham Əliyevin fəaliyyətin nəticəsində nəhayət ki, dünyada erməni təcavüzü sözləri qəbul olunmağa başlayıb. Artıq dünyada bu məsələylə bağlı fikr dəyişməkdədir. Ancaq mübarizə davam etməlidir ki, Aygünlərin, Farizlərin, Xocalıda şəhid olan uşaqların qanı yerdə qalmasın. Bu işdə Qənirə xanımın zəhməti ilə ərsəyə gələn belə filmlərə böyük ehtiyac var".


Millət vəkili Vahid Əhmədov çıxışı zamanı filmin hazırlanmasında və ümumiyyətlə, bu istiqamətdə göstərdiyi fəaliyyətlərə görə, Q. Paşayevanın əvəzsiz rolunu xatırladıb.


O bildirib ki, bu istiqamətdə bu cür fəaliyyət çox mühüm əhəmiyyət kəsb etsə də, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan xalqı vuruşmalıdır:


"Hec kim müharibə olmadan, bizə torpağımızı qaytarmayacaq. Torpaq o zaman torpaqdır ki, onun yolunda mübarizə aparasan. BMT, ATƏT və s. təşkilatların nümayəndələri məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduqlarını deməklə bizi sakitləsdirmək istəyirlər. Ancaq Azərbaycanın kifayət qədər güclü ordusu var və 10 gün müddət lazımdır ki, torpaqlarımızı geri qaytaraq. Ona görər də, biz hər gün müharibəyə hazır olmalıyıq".


Millət vəkili Ceyhun Osmanlı isə Aygün, İlqar, Fariz kimi şəhid olan uşaqların hər birinin öz həyat hekayəsi olduğunu və erməni terrorçuların onların həyatına son qoymaqla onlara, yaxınlarına və ümumiyyətlə Azərbaycan xalqına zərbə vurduğunu bildirib:


"Bu cür faciələrin ermənilərin nə qədər məkrli olduqlarını bir daha sübut edir. Bu faciələrin dünyaya çatdırılmasına böyük ehtiyac var. Biz öz birliyimizlə Aygün və onun kimi şəhid olan uşaqların qanını yerdə qoymamalıyıq. O zaman Aygünün və digər şəhidlərimizin ruhu şad olacaq. Ermənilərin törətdikləri cinayətlərin dünya birliyinə çatdırmaqla bu cinayətlərin üstünü acmaq zəruridir. Ermənilərin başqa millətlərə qarşı nifrətinin olmasını bir amillə göstərmək kifayət edər. Fikir verin, Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Rusiyada, İranda müxtəlif


millətlərin nümayəndələri yaşayırlar. Yeganə olan Ermənistandır ki, orada qeyri millət yoxdur. Bu faktın özü sübut edir ki, onların başqa xalqlara məkrli və nifrətlə dolu münasibəti var".


"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru, ASAİF rəhbəri Orxan Əkbərov da bu cür filmlərin davam olmasının böyük önəm kəsb etdiyini deyib:


"Bu cür filmlər dünya ictimaiyyəti ilə yanaşı, yeni doğulan və gələcək nəsillərin bu faciələrdən xəbər tutması üçün vacibdir. Mən çox razıyam ki, heç kim öz xoşu ilə torpaqlarımızı geri verməyəcək. Ancaq bunun üçün hərb yolu ilə yanaşı, dünyada tədbirlər keçirərək həqiqətləri çatdırılması istiqamətində işləri davam etdirməliyik. Bu məqsədlə tezliklə Türkiyədə silsilə tədbirlər, televiziya kanallarında Qarabağ problemi, erməni terrorçularının törədikləri cinayətlərlə bağlı işlər keçirəcəyik. Qonşu dövlətdə Xocalı ilə bağlı keçirdiyimiz tədbirlər zamanı şahid olduq ki, hətta Türkiyə də bu faciədən xəbərsiz olanlar var. Ona görə də, bu fəaliyyəti genişləndirməliyik. Oktyabr ayında isə Vyanada "Gənclər Forumu" keçirməyi planlaşdırırıq. Orada da mövzu Qarabağ, Xocalı və digər ermənilərin törətdikləri cinayətlər olacaq".


Tədbirdə erməni terrorunun qurbanı olmuş 11 yaşlı Aygün Şahmalıyevanın valideynləri də iştirak edirdi.


Tədbirin sonunda jurnalistlərə açıqlama verən 11 yaşlı Aygünün anası Elnarə Şahmaliyeva filmin yaradıcılarına təşəkkürünü bildirib və hər kəsi Aygünü unutmamağa cağırıb:


"Aygün bu vətəndə doğulmasa da, vətənini çox sevirdi. Azərbaycanlı olmasıyla fəxr edirdi. Gəlin Aygünü, Xocalıda şəhid olan balaları unutmayaq ki, Ermənilər də bunu bilsin və onların qanının yerdə qalmayaşağını anlasın".


Onu da qeyd edək ki, "Məhv edilmiş gələcək- Aygün" sənədli filminin çəkilişləri Aygünün Sankt-Peterburqdan qonaq gəldiyi və şəhid olduğu Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində aparılıb.


Eyni zamanda xatırladaq ki, Aygün mənbəyini Ermənistandan götürən Tovuz çayından tapdığı, içərisinə bomba yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həlak olub və artıq onun ölümündən 1 il ötür.


32 dəqiqəlik sənədli film rus və ingilis dillərinə tərcümə olunaraq xarici ölkələrdə də təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə