Daha bir qrup kinematoqrafçılar Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) tərk edib. SİA-nın məlumatına görə, uzun illər bu qurumun üzvü olan daha 10 kino xadimi öz ərizələri ilə üzvlükdən imtina ediblər. Onların arasında əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, xalq artisti Tariyel Qasımov, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Ələkbər Muradov, Yavər Rzayev, Ənvər Əbluc, Tağı Babayev, Əziz Məmmədov, Faiq Əliyev və Hafis Fətullayev var.
Üzvlükdən çıxmaq haqqında ərizə yazan xalq artisti Tariyel Qasımov bunun səbəblərini belə izah edib: "O qurum bizdən üzvlük haqqını almaqdan başqa heç nə bilmirdi. Orada 5-6 nəfər yığışıb özləri üçün ancaq sanatoriyaya gedirdilər. Biz aktyorlara isə həmin ittifaqın heç bir xeyri yox idi. İttifaqın üzvü olduğumuz üçün üzvlük haqqı verməkdən başqa heç nə etmirdik".
Artıq yeni yaranan ittifaqa üzv olmaq üçün müraciət etdiyini deyən xalq artisti: "Mənimlə yanaşı demək olar ki, köhnə ittifaqa üzv olanların hamısı üzvlükdən imtina ediblər. Köhnə ittifaqda iş getmirdi. O işdən ancaq 5-6 nəfər bəhrələnirdi. Hesab edirəm ki, yeni yaranan ittifaq çox yaxşı olacaq. Çünki onun rəhbəri xalq artistimiz Şəfiqə Məmmədovadır. O, əvvəlki ittifaqda baş verən haqsızlıqları görüb nəticə çıxaracaq. Yeni yaranan ittifaqın idarə heyətinin tərkibində isə yalnız bu sahənin peşəkarları var. Köhnədə isə xalq artisti Rasim Balayev var. Yerdə qalanların isə kino sahəsindən anlayışları olub-olmadıqları belə məlum deyildi. İnanmıram ki, bundan sonra da orada kimsə qalsın", - deyə əlavə edib.
T.Qasımov onu da qeyd edib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova da uzun illərdir üzvü olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvlüyündən çıxıb.
Xüsusi olaraq vurğulayaq ki, xalq artisti üvzlükdən imtina etməklə bağlı yazdığı ərizdə deyilir: \"Bildirirəm ki, üzvlükdən çıxmağıma birinci səbəb- ittifaqın fəaliyyətsizliyi, biz aktyorlara diqqətsizliyi, ittifaqın yeganə olaraq 5-6 nəfərə xidmət etdiyindən, heç bir tədbirlərə də (əgər olduqda) dəvət olunmadığımdır. Odur ki, mən ittifaqın keçən qurultayından bileti cırıb atmışdım. Belə götürəndə özümü ittifaqın üzvlüyündən çoxdan çıxarmışam\".
Məlumat üçün bildirək ki, Ş.Məmmədova ilə bərabər, bir neçə kino xadimi də ittifaqın üzvlüyündən çıxmaqla bağlı ərizə yazıblar. Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının üzvlüyündən öz ərizəsi ilə çıxan kino xadimləri arasında Cəmil Quliyev, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Eldar Quliyev, Mayis Ağabəyov, Ayaz Salayev, Nəriman Məmmədov və Aydın Kazımzadə də var.
Qeyd edək ki, bir müddət öncə Azərbaycandan yeni Kinematoqrafçılar İttifaqı təsis edilib. Adları sadalanan kino xadimləri arasında yeni ittifaqın İdarə Heyətinin üzvləri də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB