Azərbaycanlı rəssam ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

İyulun 4-dən 8-dək Moskva Mərkəzi Sərgi Zalında ("Manej") "Ənənə və müasirlik" VI Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu tədbirdə ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam Rəşad Mehdiyev təmsil edəcək.

Məlumat üçün bildirək ki, Rəşad Mehdiyev Azərbaycanın Xalq Rəssamı Rafiq Mehdiyevin ailəsində anadan olub. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Türkiyədə Memar Sinan Universitetini bitirib. 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə isə Bakıda fərdi sərgiləri keçirilib. 2001-ci ildə Azərbaycanı TÜRKSOY Beynəlxalq Müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülüb. Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisini keçirib, BMT-nin Avropa Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib. Rəssamın sonuncu fərdi sərgisi 2012-ci ilin mart ayında Bakıda təşkil olunub. Onun əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir. Fərdi dəst-xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti Rəşad Mehdiyevin yaradıcılığının əsas xarakterik xüsusiyyətini təşkil edir.

Qeyd edək ki, festivalda dünyanın 40 ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamların və minlərlə tamaşaçının iştirakı gözlənilir. Qeyd edək ki, bu festival ilk dəfə 2007-ci ildə keçirilib və indiyədək 130 000 dən çox tamaşaçı tərəfindən ziyarət olunub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə Əməkdar Rəssam Fərman Qulamov, 2011-ci ildə isə Əməkdar Rəssam Sakit Məmmədov Azərbaycanı bu festivalda təmsil edib. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən F.Qulamov "Müasir rəngkarlıqda ən yaxşı ənənələrin qorunması" nominasiyası üzrə birinci mükafata, S.Məmmədov isə "Müasir rəngkarlıqda ən yaxşı ənənələrin qorunması" və "Dəsti-xəttin orijinallığı və fərdi üsluba görə" nominasiyaları üzə birinci mükafata layiq görülüblər.

"Ənənə və Müasirlik" VI Moskva Beynəlxalq İncəsənət Festivalında Azərbaycan təmsilçisinin iştirakına ölkəmizin Rusiyadakı Səfirliyi tərəfindən təşkilati dəstək verilir.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...