Xalq artisti gənc bəstəkarlardan gileylənib

Xalq artisti gənc bəstəkarlardan gileylənib
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Gənc bəstəkarların əsərlərindən ibarət plenuma həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə ABİ-nin gənc bəstəkarlarla birlikdə iş fəaliyyətindən danışıb.


O qeyd edib ki, ittifaqa üzv olan gənc bəstəkarlarla yanaşı, ittifaqa üzv olmayan, hazırda təhsil alan tələbə-bəstəkarların fəaliyyəti ilə bağlı daim məlumat alınır və iş birliyi edilir: \"Bacardığımız qədər gənc bəstəkarların əsərlərinin konsertlərdə ifa olunması üçün şərait yaradırıq. Təəssüflənərək bir məsələyə də toxunmaq istərdim ki, dəfələrlə gəncləri dəvət edib söhbətlər etmişik. Mən onlara muğamla bağlı əsərlər sifariş etdim. Amma görünür, bu onlar üçün o qədər də maraqlı mövzu olmadı. Yenə də onların marağını cəlb etmək üçün yeniliklər etməkdə davam edirik".


İttifaq sədri bildirib ki, 2007-ci ildən bu günə qədər 50 bəstəkara təqaüd ayrılıb: "30 nəfər qocaman bəstəkara kömək məqsədi ilə təqaüd ayrılıb. 10 gənc bəstəkar bu təqaüddən yararlanır. Onlar vaxtlarını pul qazanmağa yox, sənətə həsr etsinlər deyə bu təqaüdlər verilir".


Plenumun 15 İyun Milli Qurtuluş Gününə həsr edildiyini deyən F. Əlizadə tədbirin iyunun 16-dək davam edəcəyini xatırladıb. Plenumda "Con Tempo" Ansamblının, kamera-instrumental, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertinin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda plenum çərçivəsində yeni əsərlər lent yazısında dinlənəcək və əsərlərin müzakirəsinə həsr olunan dəyirmi masa keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə