Tünzalə Ağayeva \"Eurovision 2012\" təmsilçisi ilə duetinə klip çəkdirəcək

Xorvatiyanı builki \"Eurovision\" təmsilçisi Nina Badriç Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə birlikdə mahnı oxuyacaq. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, təmsilçi azərbaycanlı müğənninin səsinə heyran olduğunu bildirib.


\"Çox şadam ki, burada Azərbaycanlı müğənni Tünzalə ilə görüşdüm. Onun səsinə heyranam. Tünzaləni ifa zamanı izlədim. Birlikdə İçərişəhərdə nahar etdik. Dostluğumuz belə yarandı. Birlikdə mahnı yazdıracağıq\". Bu barədə Nina Badriç müsabiqənin rəsmi saytına eksklüziv müsahibəsi zamanı bildirib.


Onun sözlərinə görə, yeni mahnı \"Sunrise\" (\"Şəfəq\") adlanır. Duet ingilis dilində olacaq. Xorvatiya təmsilçisi mahnı ərsəyə gəldikdən sonra birlikdə klip çəkilişlərinə başlanılacağını bildirib.


\"Klip Bakıda və ya Xorvatiyada çəkilə bilər. Fərqi yoxdur. Əsas odur ki, bu yaradıcılıq dostluğuna imza atdıq. Məncə bu da Eurovision Mahnı Müsabiqəsinin əhəmiyyətini göstərən mühüm elementlərdəndir\" - deyən Nina Badriç müsabiqəni finala çatmadan tərk etsə də, Azərbaycana səfərinin nəticəsini yüksək qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...