Hansı Azərbaycan filmlərinin çəkilişi başa çatıb?

Hansı Azərbaycan filmlərinin çəkilişi başa çatıb?

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə təhvil verilməsi nəzərdə tutulan 5 filmin çəkilişi başa çatıb. SİA-nın məlumatına görə, həmin filmlərə "Sübhün səfiri", "Qisas almadan ölmə", "Dolu", "Çölçü" və "Arı" filmləri daxildir.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında görkəmli yazıçı-dramaturq, milli dramaturgiyamızın banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilən "Sübhün səfiri" tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. Filmin çəkilişləri Şəki, Tbilisi və İstanbul şəhərlərində aparılıb. Filminin ssenari müəllifi xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur. Ekran əsərində əsas rolları xalq artistləri Rasim Balayev, Aleksandr Şarovski, Məbud Məhərrəmov və digər aktyorlar ifa etmişlər.

Çəkilişləri başa çatan növbəti ekran əsəri isə "Qisas almadan ölmə" tammetrajlı bədii filmidir. Hazırda film montaj-səsyazma və digər tamamlanma işləri mərhələsindədir. Filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Ekran əsərinin çəkilişləri Azərbaycan, Gürcüstan və Almaniya ərazilərində aparılıb. Filmin ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mirqasımov, operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir. Bu ekran əsərində əsas rollarda xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər. Filmdə azərbaycanlı aktyorlarla yanaşı, məşhur alman və gürcü aktyorları da rol alıblar.

Digər filmlərdə öz növbəsində çəkiliş proseslərini başa vurub. Hazırda ekran əsərinin hazırlıqları üçün işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə