Şamaxıda böyük satirik şair Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, böyük satirik şairin vətəni Şamaxıda yubiley tədbirində elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, xarici ölkələrdən qonaqlar, o cümlədən Qırğızıstanın mədəniyyət nazirinin müavini Kozoqeldi Kuliyev də iştirak ediblər. Qonaqlar əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət ediblər.
Sonra M.Ə.Sabirin "Yeddigünbəz" qəbiristanlığındakı məqbərəsini, habelə böyük şairin müəllimi, görkəmli ədib Seyid Əzim Şirvaninin "Şah Xəndan" qəbiristanlığındakı məqbərəsini ziyarət edərək, yubilyarın ev-muzeyində olublar.
Tanınmış şair, Sabir poeziya günlərinin məsul katibi Əjdər Olun aparıcılığı ilə M.Ə.Sabirin adını daşıyan parkda, böyük satirik şairin əzəmətli abidəsi önündə təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, türkiyəli ədiblər Yakub Öməroğlu, Azər Almas, Qazaxıstandan Koren Əmirbekov, Ukraynadan Sergey Qrabar və başqaları böyük satira ustası və maarifpərvər Sabirin həyat və fəaliyyətindən danışıblar.
Mərasimdə görkəmli sənətkarların ifasında musiqi və deklomasiyalar səslənib, Bakı Oksford Məktəbi şagirdləri kiçik səhnəciklər nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB