Dünya KİV-ləri “Eurovision 2012”ni müsabiqənin tarixində nadir hadisə adlandırıblar

Bakıda "Eurovision – 2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqət mərkəzində olub. Nüfuzlu xarici KİV-lər Bakıda keçirilən "Eurovision– 2012" mahnı müsabiqəsi haqqında materialları dərc etməyi davam edirlər.

Türkiyənin "Hürriyyət" qəzetinin şərhçisi Ertoğrul Özkök məqaləsində vurğulayır ki, bu ilin tədbiri müşahidə etdiyi bütün "Eurovision" müsabiqələri arasında onu daha çox heyrətləndirib.

"Afərin, Azərbaycan. Bu, misli görünməmiş bir başlanğıc idi. Neçə il "Eurovision"a baxmışam, bir o qədər həyəcan keçirmişəm. Türkiyəni dəstəkləyərkən salonlara, mərasimlərin açılışına diqqət yetirmirdim. Sonra salonlara, açılış mərasimlərin kreativliyinə diqqət yetirməyə başladıq və təkcə musiqi deyil, həm də tədbirin təşkili baxımından ölkələr arasında fərqləri hiss etməyə başladıq. İllər keçdi və Avropanın sərhədləri genişləndi. "Eurovision"un bu dərəcədə gözəl açılışını indiyədək görməmişdim", - deyə müəllif qeyd edir.

Şərhçi yazır: "Afərin, Azərbaycan! Çox gözəl başlanğıcdır! Əminəm ki, nəticə də çox gözəl olacaqdır!"

Bakı "Eurovision - 2012" müsabiqəsini şərh edən Frans Press Agentliyi də yazır: "Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir. Əgər kimsə Bakının dəbdəbəyə olan məhəbbətinə şübhə edirsə, arxaya boylanıb səmaya ucalan "Flame Towers"a baxsın. Binaların fasadından "Eurovision 2012"nin rəmzləri və bayrağın təsvirləri non-stop sayrışır. Hələ neft buruğu şəklində və neon işıqlarına qərq olmuş saat qülləsindən danışmırıq".

Məqalənin müəllifi qeyd edir ki, Bakı "Eurovision 2012" mahnı müsabiqəsini möhtəşəm təşkil etmişdir. "Eurovision"un loqotipləri həm avtobuslarda, həm də London taksilərində olub.

Rusiya KİV-ləri Bakıda keçirilmiş "Eurovision 2012"ni mahnı müsabiqəsinin tarixində nadir hadisə adlandırıblar.

"Qolos Rossii" radiosunun saytında yerləşdirilmiş məqalədə deyilir: "Məsələ təkcə keçirilən yerdə deyildir. Avropanın müxtəlif guşələrindən Bakıya gəlmiş iştirakçıların, jurnalistlərin və tamaşaçıların sözlərinə görə, hər şey ən yüksək səviyyədə təşkil edilmişdir. Hər kəsi məftun etmiş ənənəvi Qafqaz qonaqpərvərliyindən heç danışmırıq".

Məqalədə vurğulanır ki, "Eurovision 2012"nin final mərhələsi iki həftəlik marafonun zirvəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...