\"Eurovision 2012\" - Möhtəşəm Bakı şousu!

\"Eurovision 2012\" - Möhtəşəm Bakı şousu!

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin \"Bakı Kristal Zalı\"ndakı səhnəsi öz dizaynı ilə fərqlənir. SİA-nın məlumatına görə, \"Bakı Kristal Zalı\"nın səhnəsində 1.300 m-dən artıq sahəsi olan işıq-diod ekranlar \"elektron pəncərə\"lər formasında yerləşdirilib. Düsseldorfdakı sonuncu Eurovision şousundan daha böyük ərazini əhatə edən bu ekranlarda 42 ölkə təmsilçisinin səhnədəki çıxışına, mahnının məzmununa uyğun maraqlı görüntülər yayımlanır.

Eurovision Mahnı Müsabiqəsi 2011-in, \"MTV Video Music Awards\" və \"X-Faktor\", Avropa və ABŞ-da keçirilən \"Pop İdol\" kimi şouların dizayneri, dünyaca məşhur Florian Wieder tərəfindən hazırlanmış bu ekranlar Eurovision Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Azərbaycanın \"Bakı Kristal Zalı\"nda xarici görünüşün əsasını təşkil edir. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunur, həm də Bakının heyrətamiz gecə mənzərəsi məşhur musiqi şousunun səhnəsində ekranlara gətirilir.

İlk dəfə olaraq \"Green Room\" pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zaldaca yerləşir.

Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb. Bu kameralar sisteminə auditoriyanın üzərində müxtəlif istiqamətlərdə hərəkət edən \"Spidercam\", iki çəkiliş kranı, 2 ədəd \"Steadicam\" və relslər üzərində quraşdırılmış 2 ədəd kamera daxildir. Şou çəkilişində yenilik də var: \"Steadicam\"ların və rels üzərindəki çəkiliş avadanlıqlarının birində eyni zamanda iki kamera quraşdırılıb. Bu isə arenada müxtəlif rakurslardan çəkiliş aparmağa imkan yaradır. Bunun sayəsində Eurovision Mahnı Müsabiqəsi 2012-dən daha dinamik görüntülər yayımlanır.

Eurovision 2012 şousu Belçikadan Bakıya gətirilmiş və peşəkar birbaşa yayım mütəxəssisləri tərəfindən idarə edilən, ən modern səyyar televiziya stansiyaları vasitəsi ilə bütün Avropaya ötürülür.

Beləliklə, 1 illik hazırlıqların yekununda möhtəşəm Eurovision şousu Sizə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə