Macarıstan təmsilçisi: \"Bakıda klip çəkdirməyi düşünürük\" - MÜSAHİBƏ

Macarıstanın \"Compact Disco\" rok qrupu 2008-ci ildə yaradılıb. Qrup Behnam Lotfi, Gábor Pál, Attila Sándor and Csaba Walkódan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarıb. \"I’m in Love\" adlı mahnısı onlara \"Best Hungarian Artist\" nominasiyasında MTV \"European Music Award\"ı qazandırıb. 57-ci Eurovision mahnı müsabiqəsində onlar Macarıstanı birlikdə yazdıqları \"Sound of our hearts\" mahnısı ilə təmsil edəcəklər. Müsabiqə çərçivəsində qrup SİA-ya müsahibə verib:


- Bəziləri müsabiqədən sonra məşhurlaşır, digərləri isə müsabiqədən sonra yaradıcılıqlarında durğunluq hiss olunur. Sizdə necə olacağını düşünürsünüz?

- İnanırıq ki, "Eurovision" mahnı müsabiqəsindən sonra karyeramız daha da yüksələcək və biz daha irəliyə gedəcəyik. Düşünmürük ki, karyeramızda durğunluq ola bilər. Bura daha da irəliləmək üçün gəlmişik.

- Neçə gündür şəhərimizin qonağısınız. Azərbaycan haqda nə deyə bilərsiniz?

- İçərişəhəri çox bəyənirik. Yeməklərinizə isə söz ola bilməz. Kababı xüsusi vurğulamaq lazımdır. Burada özümüzü evdəki kimi hiss edirik. Bakıda klip çəkdirməyi belə düşünürük. Yeni binalar və qədim şəhəriniz çox gözəl görünür.

- Artıq ikinci məşqinizi etmisiniz, ilk məşqdən nə fərqi oldu?

- Məşqlər haqda onu deyə bilərik ki, ilk məşqimiz zamanı bir sıra problemlərimiz vardı. Bu da kameranın hərəkəti ilə əlaqəli idi. Ancaq ikinci məşqimiz əla və problemsiz idi.

- Ən hit mahnınız hansıdır?

- Hit mahnımız "I am in love" olub. Bu mahnı bizə \"Best Hungarian Artist\" nominasiyasında MTV \"European Music Award\"ı qazandırıb.

- Bəzi ölkələr müsabiqədə iştirak etmək üçün müəyyən çətinliklərlə qarşılaşıblar. Hətta Slovakiya təmsilçisi maşınını satıb. Maraqlıdır ki, sizdə belə bir problem yaşanmayıb?

- Müsabiqədə iştirak etməyimizdə heç bir sponsor problemi olmadı. Ev, maşın və ya bu kimi mülklərimizi satmağa ehtiyac qalmadı. Çünki ölkəmiz bizə həm maddi həm də mənəvi dəstək verir.

- Azərbaycanın mahnısını dinləmisiniz?

- Sizin builki təmsilçinizin mahnısı dinləmişik və çox bəyəndik. Səbinə ilə bizim ölkədə tanışlıq imkanımız olub. Biz onunla ünsiyyətdə olmuşuq və çox mehriban qızdır.

- Müsabiqədəki favotiniz kimdir?

- Favoritlərimiz İsveç, Norveç və təbii ki, Azərbaycandır.

Bütün xəbərlər Facebook səhifəmizdə