Qaytana Essami (Gaitana Essami) 1979-cu ildə Kiyevdə doğulub. Atası konqolu olan Qaytana 5 yaşına kimi Konqoda yaşayıb. Müğənni kimi karyerasına isə 1991-ci ildən başlayıb. 2003-cü ildə ilk musiqi albomu çıxıb. Milli finalda 21 ifaçı arasından Ukraynanın Eurovision 2012 təmsilçisi seçilib. Müsabiqədə \"Be my guest\" mahnısını ifa edəcək. Müğənni artıq arenada ilk məşqini və mətbuat konfransını keçirib. Təmsilçi SİA-ya müsahibəsində müsabiqə haqqında təəssüratlarını bölüşüb.
- Eşitmişdik ki, Azərbaycana gələndə özünüzlə velosipedinizi gətirmisiz?
- Əslində istəyirdim, amma mənə zəng etdilər ki, burada mənim üçün velosiped tapıblar. Buna çox sevindim. Düşündüm ki, əslində belə daha yaxşıdır. Axı, onsuz da özümlə çox əşyalarımı götürmüşəm. Şad oldum ki, velosiped burda məni gözləyirdi.(gülür..)
- Velosipedinizlə şəhəri gəzmisiniz?
- Hələ buna imkan tapmamışam. Ancaq planımda mütləq və mütləq dəniz kənarı milli parkınızı gəzmək var. Birinci növbədə oranı gəzəcəyəm. Çünki qaldığım otelin pəncərələri məhz dənizə baxır. Orada çox gözəl mənzərə var. Pəncərədən dəniz kənarına baxanda görürəm ki, birinci növbədə orada velosiped, sonra parkın yelləncəkləridir. Yelləncəklər uşaqlıqdan ən zəif yerimdir. Onları çox sevirəm. Ona görə qonaq olduğum bütün şəhərdə öncə onların yelləncəklərində əyləşirəm. Bir də popkorndan mütləq dadmalıyam. Bütün maraqlı məkanlarda olub, şəkil çəkmək arzusundayam.
- İlk dəfədir "Eurovision"da iştirak edirsiniz. Artıq müsabiqə çərçivəsində məşqinizi və mətbuat konfransınızı keçirmisiniz. Hətta az da olsa şəhərimizi görmüsünüz. İkinci dəfə belə fürsət əlinizə düşsə, nə edərsiniz?
- Bura pozitiv enerji almağın ən gözəl yoludur. "Eurovision- 2012" mahnı müsabiqəsi möhtəşəm bir yarışmadır. Lakin ikinci dəfə müsabiqədə iştirak etməyə razı olmazdım. Çünki digər iştirakçılara da imkan yaratmaq lazımdır. Axı digərləri də bunun dadını bilməlidir. Bu qədər paxıl olmaq olmaz.
- Gələcək planlarınız nədir?
- Əslində möhtəşəm və çox nəhəng bir planlarım yoxdur. Mən çoxlu musiqi yazıram. Mənim ən böyük işim musiqini yazıb insanlara bəxş etməkdir. Həmçinin uşaq mahnıları da yazıram. İndi istəyirəm ki, dostum, "Difas"ın solisti Karl Frisonla vokal məktəbi yaradım. O, bu yaxınlarda mənə öz arzusunu danışdı. Bizim istəklərimiz üst-üstə düşdü. Məktəblə yanaşı biz xeyriyyə studiyasını da açmağı planlaşdırırıq. Orada istedadlı, ancaq kimsəsiz uşaqlar mahnılarını yazdıra bilərlər. Uşaq musiqiləri yazdığım üçün kimsəsiz, lakin bacarıqlı uşaqları o studiyaya gətirib mahnılarını yaza bilərik. İnşallah, istəyimiz həyata keçər.
- Bakı sakinlərinə nə deyərdiniz?
- Dostlar, biz hamımız böyük bir ailəyik. Gəlin, bu dünyanın siyasi, mədəni, dini problemlərinə baxmayaraq, mehriban olaq və birləşək. İstəyirəm ki, biz hamımız birlikdə musiqi və dostluqla məşğul olaq. Yalnız onda biz hamımız bu dünyanı xilas edə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB