\"Eurovision 2012\" aparıcılarının \"Bakı Kristal Zalı\"nda ilk məşqi keçirilib
Bu gün \"Bakı Kristal Zalı\"nda \"Eurovision 2012\"nin aparıcıları Eldar, Leyla və Nərgizin ilk məşqi keçirilib. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, məşqi müsabiqəsinin rəhbəri Yan Ola Sand, İşçi Qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin təşkilatı işlər üzrə rəhbəri Sietse Bakker, \"Brainpool\" şirkətinin rəhbəri Yorq Qraboş izləyib.
Təəssüratlarını eurovision.az saytına bölüşən Yorq Qraboş aparıcıların \"Bakı Kristal Zalı\"ndakı ilk məşqdən yaxşı göründüklərini bildirib. \"Bu da o deməkdir ki, onlar bu möhtəşəm şounun çox gözəl aparıcıları olacaqlar. Biz Bakıda Eurovision şousunu Avropaya göstərmək üçün səbirsizlənirik\" - deyə Yorq Qraboş bildirib.
\"Bakı Kristal Zalı\"nın möhtəşəmliyini vurğulayan aparıcılar bu səhnədə çıxış etməyin super bir hiss olduğunu dilə gətiriblər. \"Bu möhtəşəmliyi Avropaya hiss etdirməyə çalışacağıq\" deyə aparıcılar bildirib.
Qeyd edək ki, Leyla, Nərgiz və Eldar bu günlərdə Almaniyanın Köln şəhərində ikinci treninqdə olub. Onlar Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsi 2011-in aparıcılarından olan Anke Engelke ilə görüşüblər və təcrübə mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB